PDF Oxu

Siyasət

  • 3 701

31 Mart 1918: Azərbaycan Tarixinin Qanlı Səhifəsi

31 Mart 1918: Azərbaycan Tarixinin Qanlı Səhifəsi

Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində dəfələrlə soyqırımı və kütləvi qırğınlara məruz qalmışdır. Bu faciələrdən biri də 1918-ci ilin mart ayında erməni silahlı dəstələri tərəfindən törədilmiş kütləvi qətllər və talanlardır. Hər il 31 Mart günü Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir və bu faciəvi hadisələrin qurbanları anılır.

Bakı Sovetinin və bolşeviklərin dəstəyi ilə 1918-ci ilin mart ayının sonlarında erməni daşnak qüvvələri azərbaycanlılara qarşı genişmiqyaslı qətliamlar törətmişdir. 30 Martdan başlayaraq bir neçə gün ərzində Bakı şəhərində, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda və digər bölgələrdə minlərlə azərbaycanlı qətlə yetirilmiş, yaşayış məntəqələri yandırılmış və dağıdılmışdır. Bolşeviklər və erməni daşnakları bu hadisələri siyasi məqsədlərlə həyata keçirmiş, xalqımızın qorxu içində saxlamaq, onların milli azadlıq hərəkatını boğmaq və bölgədə etnik tərkibi dəyişdirmək məqsədi güdmüşdür. Qeyd edək ki, qırğın zamanı günahsız insanlar, qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilmişdir.

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Quba bölgəsində aparılmış tədqiqatlar göstərir ki, burada 1918-ci ilin mart-aprel aylarında böyük miqyaslı qətliamlar baş vermişdir. 2007-ci ildə aparılan arxeoloji qazıntılar zamanı Quba şəhərində kütləvi məzarlıqlar aşkar edilmişdir. Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində müəyyən edilib ki, Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Bütün bunlar erməni silahlı dəstələrinin yerli azərbaycanlılara və digər müsəlman xalqlarına qarşı törətdiyi vəhşiliklərin bariz sübutudur.

Azərbaycanlıların Soyqırımı Günü 1998-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə rəsmi şəkildə qeyd olunmağa başlanmışdır. Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Hər il 31 Martda bu hadisələr xatırlanır, soyqırım qurbanlarının xatirəsi yad edilir və faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər görülür. Ümummilli lider Heydər Əliyevin tarixi Fərmanından ötən 27 il ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni terrorçularının həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Həmin faciənin dünya ictimaiyyətinə daha geniş çatdırılması üçün müxtəlif elmi konfranslar, sərgilər və tədbirlər təşkil edilir. Azərbaycanın tarixi həqiqətlərinin beynəlxalq miqyasda tanınması üçün aparılan işlər bu soyqırımın unudulmaması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, Azərbaycan tarixində qan yaddaşı kimi qalacaq mühüm bir hadisədir. Bu faciənin tanınması və beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycan xalqının haqq işidir. Azərbaycanın Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, həmçinin nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların dəyişməsinə səbəb olub. Tarixi unutmamaq və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün bu hadisələrin yaddaşlarda qalması, dünya səviyyəsində tanınması və ədalətin bərpa olunması vacibdir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər