Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko “Moskva-Baku” portalına müsahibəsində İrəvanın Rusiya ilə təmasları gücləndirmək niyyətini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Aleksey Valeriyeviç, erməni KİV-ləri yazır ki, Nikol Paşinyan Rusiya ilə müxtəlif sahələrdə təmasları intensivləşdirməyi əmr edib, özü isə mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcək. İrəvanın qərbyönlü kursuna bir növ yenidən baxmasından və Rusiya Federasiyası ilə münasibətləri yaxşılaşdırmaq cəhdlərindən danışmaq olarmı?
- Xeyr, İrəvanın Qərbə istiqaməti dəyişməz olaraq qalır. Nikol Paşinyan sadəcə olaraq anladı ki, nə ABŞ, nə Avropa, xüsusən də Fransa, nə də NATO Ermənistana bundan sonra yardım etməyəcək, Azərbaycan və Türkiyə ilə Ermənistan baş nazirinin ümid bəslədiyi ciddi çəkişmələrə getməyəcəklər. Trampın rəhbərliyi altında ABŞ-ın Ermənistana yardım etməyəcəyi bəlli olduqdan sonra Paşinyan yenidən Rusiyanın Ermənistan üçün mühüm tərəfdaş olduğunu iddia etməli oldu. “Qərblə heç bir nəticə vermədi, ona görə də Rusiya Federasiyası ilə yenidən cəhd edəcəyəm, bəlkə də mənim xeyrimə nəsə olacaq” məntiqi ilə. Eyni zamanda, o, əvvəlki kimi Vaşinqton və Brüsseldəki tərəfdaşlarını şantaj etmək istəyir- deyir ki, əgər mənə kömək etməsən, mən yenidən Rusiyaya tərəf dönəcəyəm. Bu, Paşinyanın səciyyəvi taktikasıdır, harada daha çox təklif edirlər orada işləmək. Buna görə də Paşinyan hər şeyi əldən verməmək üçün Rusiyaya qarşı demarşında bir az geriləmələr etmək qərarına gəldi. Üstəlik, baş nazir Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün onun rifahı üçün vacibliyini anlayır.
- Sizcə, Aİ Ermənistana kömək etməyəcək, çünki artıq aydındır ki, Aİ-nin bir çox ölkələri və hətta Aİ rəsmiləri Trampın siyasətinə müqavimət göstərməyə, necə deyərlər, öz xəttini əyməyə və ABŞ prezidentinin “xoşuna gəlməyən” hər şeyi “götürməyə” çalışırlar.
- Yaxşı, Avropa İttifaqı həqiqətən nə edə bilər? Ola bilsin, Paşinyana dəstək üçün hansısa bəyanat qəbul edib, onun çiyninə vura bilərlər– bəli, deyərlər ki, o, yaxşı adamdır. Amma düşünmürəm ki, Aİ Trampı maraqlandırmayan Ermənistanı “alacaq”. Avropa İttifaqı düzgün vəziyyətdə deyil, Ukraynadakı müharibə ilə məşğuldur. Və Aİ-nin hərbi-sənaye kompleksini yenidən işə salmaq niyyətində olduğu bir şəraitdə Ermənistan üçün Aİ-də, o cümlədən Fransada real vəsait qalmayacaq. Bundan başqa, Avropadan gələn hərbi təchizatın maddi-texniki təminatında problem var.
Dünən Almaniya prezidenti Ştaynmayer Ermənistana gəlib. Nə üçün? Ermənistanda Ştaynmayer şübhəsiz ki, İrəvanın anti-Rusiya istəklərini və Aİ-yə doğru hərəkətini dəstəkləməyə çalışıb. Respublikanın KTMT-dən çıxması NATO üçün vacibdir. Ya Ermənistan özü təşkilatı tərk edəcək, ya da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələr respublikanın bu strukturu sabotaj etməsindən yorulacaq və onu üzvlükdən çıxaracaqlar. İrəvanın Ermənistanın 2 il ərzində KTMT-yə olan haqlarını və borclarını ödəmək niyyətində olmadığı barədə bəyanatına əsasən aydın olur ki, Ermənistan Respublikası vəziyyəti gərginləşdirməyə çalışır. O, sözün əsl mənasında KTMT-dən çıxarılmasını xahiş edir. Paşinyan gözləyir ki, nə istəsə, Qərb minnətdarlıq hissi ilə onun üçün edəcək. Amma məsələ də odur ki, Qərb belə düşünmür.
Yeri gəlmişkən, Ştaynmayer Ermənistana səfəri ilə bağlı rəsmi sosial şəbəkə səhifəsində Qarabağ separatçılarının bayrağının dərc edilməsi artıq Azərbaycan tərəfindən qalmaqala və mənfi reaksiyaya səbəb olub. Almaniya səfiri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
Bundan əlavə, Ermənistanın bir həftəyə yaxın Azərbaycan mövqelərini necə atəşə tutduğunu, Azərbaycana növbəti dəfə təxribatla cavab verməyə çalışdığını gördük. Cavab olarsa, NATO-ya qaçaraq “Bizə kömək edin, Rusiya bizi tərk etdi, hamı bizə xəyanət etdi, kiçik demokratik Ermənistana kömək edin!”-deyə qışqıracaqlar. Deməli, bütün bu atəşlər açıq-aşkar təxribatdır.
Odur ki, bütün yuxarıda deyilənləri nəzərə alaraq, Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı ayaqlarını sürüyür, həm də Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının “mülki” xarakterindən danışır.
Paşinyan qonşuları ilə nə qədər sülhdən danışsa da, yenə də Qarabağın qisasını hesablayır. Və ona ordunu yenidən silahlandırmağı təklif edən hər kəsə xidmət etməyə hazırdır. Ermənistanda hələ də güclü millətçilik hissləri var.
- Bu yaxınlarda Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bununla belə, respublikanın hələlik Avropa İttifaqına üzvlük üçün müraciət etmək niyyətində olmadığı açıqlanıb. Bu nə cür oyundur?
- Avropa İttifaqı Ermənistanı qəbul etməyəcək. Yaxşı, Aİ bunu hətta sırf texniki baxımdan necə qəbul edə bilər?! Nə bir ümumi sərhəd, nə də bir dəniz rabitə xətti var. Ermənistan kasıb ölkədir və ona milyardlarla avro sərmayə qoyulmalıdır. Mineral ehtiyatları yoxdur. Ermənistanı ilhaq etmək Aİ-nin öz üzərinə inanılmaz yük götürməsi demək olardı. Üstəlik, Türkiyə və Azərbaycanın belə bir çağırışa necə reaksiya verəcəyi məlum deyil. Ona görə də Paşinyan ermənilərə deyə bilməz ki, mənim Qərbə doğru kursum iflasa uğrayıb, ona görə də cəmiyyətin reaksiyasını izləyib bu istiqamətdə ehtiyatlı addımlar atır.
Tərcümə - Elçin