02 aprel 2025-ci il tarixində Almaniya Federativ Respublikasının Prezidenti cənab Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Səfər zamanı ölkəmizin başçısı cənab İlham Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə görüş keçirilib. Təkbətək görüş zamanı gündəliyə daxil olan geniş, əhatəli və beynəlxalq məsələlər müzakirə edildi. Görüş zamanı Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu, ölkələrmiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, yaşıl enerji ilə bağlı əməkdaşlığa toxunuldu. Həmçinin alman icmasının uzun illər Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması və onlara dövlət səviyyəsində göstərilən yüksək diqqət qeyd edildi.
İki ölkə arasında münasibət yüksək səviyyəli qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqlar öz əksini tapıb. XIX əsrə təsadüf edən həmin münasibətlər nəticəsində Almaniyanın “Simens qardaşları” firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. Daha sonra Daşkəsəndə kobalt yataqları bazasında kobalt zavodu inşa edib. Alman sənayeçilərinin Göygöl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb.
5 may 2011-ci il tarixində Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupu təsis edilib. 12 noyabr 2012-ci il tarixində isə Bakıda Azərbaycan-Alman Xarici Ticarət Palatası açılıb. Xarici Ticarət Palatası alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir.
Almaniya Azərbaycanın müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımış və həmin ilin 20 fevralında diplomatik münasibətlər qurulub. 1992-ci il 2 sentyabr tarixində Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr tarixində isə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Hər iki ölkə arasında diplomatik münasibətlər mütəmadi olaraq inkişaf edib. Dövlətlər arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir, effektiv dialoq mövcuddur.
Mədəniyyət sahəsində də müəyyən işlər görülmüşdür. 22 dekabr 1995-ci il tarixində Azərbaycan ilə Almaniya arasında mədəni əməkdaşlıq haqında Saziş imzalanıb. Sazişə əsasən Azərbaycan-Alman qarışıq komissiyası yaradılıb. 2008-ci il tarixində Azərbaycan Almaniada öz ilk mədəniyyət ilini keçirib. Elə həmin ildə də Drezden Qalereyasında sərgi keçirilib. Sərgidə tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.
Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycanla Almaniyanın münasibətləri hazırda sürətli inkişaf dövrünü yaşayır. Ölkəmiz hələ uzun illər Avropa üçün əhəmiyyətli tərəfdaş olacaqdır. İki dövlətin qarşılıqlı əlaqələri anlayış və dostluq münasibətlərini gücləndirərək, regional və qlobal səviyyədə stabilliyin təmin olunmasına kömək edəcək.
Nigar Abdullayeva
YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Moskvada Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Nyu-Yorkda beynəlxalq konfrans keçiriləcək