"Almaniya prezidentinin ölkəmizə səfəri və səfər çərçivəsində müzakirə olunan məsələlər iki ölkə arasında həm iqtisadi, həm humanitar, mədəni sahədə inkişaf üçün nə qədər perspektivlərin olduğunu göstərdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti qeyd etdi ki, biz açıq şəkildə hər şeyi müzakirə etdik: "Bu onun göstəricisidir ki, iqtisadiyyatın, siyasi və diplomatiyanın bütün perspektivləri üzrə açıq müzakirə aparılıb. Belə olan halda Almaniya-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçməsi üçün də imkanlar yaranıb. Çünki son dövrlərdə əldə etdiyimiz tarixi Zəfərdən sonra bəzən Almaniyanın mövqeyindəki tərəddüdlər Azərbaycan-Almaniya münasibətlərinə o qədər də yaxşı təsir göstərmirdi. Bəzən Almaniya xarici siyasətinin Cənubi Qafqaza münasibətdə sadəcə Fransa xarici siyasətinin postulatları ilə çıxış etməsi də Azərbaycan-Almaniya münasibətlərinə yaxşı təsir göstərmirdi.Almaniya Avropanın ən böyük iqtisadiyyatıdır. Almaniya Avropa iqtisadiyyatının lokomotividir. Almaniya Avropada mövcud olan avrosintrist siyasi cərəyanın lideridir. Almaniya kimi bir dövlətin Azərbaycanla münasibətləri hər iki ölkənin mənafeləri baxımdan böyük aktuallıq kəsb edir. Nəzərə almaq lazımdır ki, artıq Azərbaycan hər gün bir qədər daha çox Avropaya açılır. Həm klassik enerji daşıyıcıları ilə, həm də bu gün çox aktual olan yaşıl enerji vasitələri ilə danışıqlarda da qeyd edildiyi kimi əməkdaşlığın əsas istiqamətlərindən biri ola bilər. Bu barədə söhbət getdi. İkincisi, bütövlükdə Avropa özünün yeni gələcəyini müəyyənləşdirməyə çalışır. Azərbaycan artıq Cənubi Qafqazda və dünya siyasətində öz gələcəyi ilə bağlı mövqelərini dəqiqləşdirib. Yeni reallıq yaratmaqla yeni güc qazanıb. Belə olan halda Almaniya-Azərbaycan münasibətlərinə də yeni baxış lazım idi. Yeni perspektivlərin müəyyənləşdirilməsi lazım idi ki, səfərdə məhz bu məsələlərə aydınlıq gətirildi. Almaniya-Azərbaycan münasibətlərinin yeni təməllər üzərində yenidən inşası üçün əsaslar yaradıldı".
Müəllif: Söylü Ağazadə