PDF Oxu

Siyasət

  • 1 504

Avropanın enerji xəritəsini yenidən tərtib edən layihə

Avropanın enerji xəritəsini yenidən tərtib edən layihə

Prezident İlham Əliyev: "Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək"

Xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə əlaqələrini uğurla davam etdirən Azərbaycan əməkdaşlığa böyük önəm verməklə etibarlı və sınanmış tərəfdaş olduğunu bir daha təsdiqləyir. Müasir dünyada Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Aprelin 4-də paytaxtımızda, "Gülüstan" sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları əlbəttə ki, dövlətimizin enerji siyasətində strateji mərhələ olmaqla yanaşı, ölkəmizin regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir.

Qeyd edək ki, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasların Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.

"AZƏRBAYCAN TƏBİİ QAZI 12 ÖLKƏYƏ ÇATDIRIR"

Müasir dünyada Azərbaycan qazına dünya bazarında böyük tələbatın olduğundan qaz təchizatının şaxələndirilməsi istiqamətində addımlar atılıb. Ölkəmizdə Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işi, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədi əhəmiyyət kəsb edir. Bir sıra Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Müasir dünyada Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. "Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvləridir". Bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında söyləyib. "Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək".

AZƏRBAYCANIN UĞUR HEKAYƏSİ

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb.

Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir, Əlbəttə ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində atılan addımlar çox vacibdir. Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir". Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir: "Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı".

BEYNƏLXALQ ENERJİ BAZARINDA ETİBARLI TƏRƏFDAŞ

Vurğulamaq yerinə düşər ki, bu layihənin gerçəkləşməsi uzun və çətin bir proses olub. Dəhlizin təməli 1997-ci ildə qoyulsa da, 2003-cü ildə onun iqtisadi cəhətdən səmərəsiz ola biləcəyi ilə bağlı ehtimallar, həmçinin xarici təzyiqlər və müxtəlif bürokratik maneələr layihənin həyata keçirilməsini çətinləşdirdi. Lakin Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışı nəticəsində bu maneələr aradan qaldırıldı və layihə yeni inkişaf mərhələsinə keçdi. 2013-cü ildə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin dörd layihəsi – "Şahdəniz", "Cənub Qafqaz Boru Kəməri", TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı Sərəncam imzaladı. Məhz bundan sonra Cənub Qaz Dəhlizi tam gücü ilə işlək vəziyyətə gətirildi və Azərbaycan qazının Avropaya çatdırılmasına başlanıldı.

2014-cü ildə layihənin daha sistemli və effektiv idarə olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu qurum layihənin maliyyələşdirilməsi, idarə olunması və inkişaf etdirilməsi ilə bağlı mühüm funksiyalar yerinə yetirir. 2015-ci ildən etibarən isə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantıları mütəmadi olaraq keçirilməyə başladı. Bu görüşlər layihənin beynəlxalq səviyyədə əlaqələndirilməsinə, tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin uzunmüddətli dayanıqlığının təmin edilməsinə xidmət göstərir. Azərbaycanın uğurlu enerji strategiyası nəticəsində bu layihə tam gücü ilə işləyir, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

"İNDİ CƏNUB QAZ DƏHLİZİ TAM GÜCÜ İLƏ İŞLƏYİR"

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi kimi tikilən TANAP-ın Avropa hissəsi olan TAP-ın illik ötürmə qabiliyyəti 10 milyard kubmetr qiymətləndirilir və bu kəmərin ötürücülük qabiliyyətinin iki dəfə artırılması nəzərdə tutulur. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib:"İndi Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP həmin bu dəhlizin 3 ayrılmaz hissəsidir".

"Onlar tam iş gücündə işləyir və biz onları genişləndirməliyik", - deyən dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olan Cənub Qaz Dəhlizinin reallaşması nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən biridir. Sirr deyil ki, qaz axını Avropaya Cənub Qaz Dəhlizindən gedir. "Azəri-Çıraq-Günəşli", "Abşeron" və "Şahdəniz" bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.

"Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanacaq ki, onlarla bağlı müqavilələr artıq imzalanıb, işçi proqram həyata keçirilir. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənubi Qafqaz Boru Kəməri bütün iştirakçılarla birlikdə görülmüş işlərin nəticəsidir", - deyə Prezident bildirib.

"AZƏRBAYCAN QAZI YENİ MƏNBƏDİR VƏ CƏNUB QAZ DƏHLİZİ YENİ ENERJİ DAMARIDIR"

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin inkişafında və həyata keçirilməsində liderlik edib. Dövlətimizin başçısı dəfələrlə bu layihənin mühüm əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu bəyan edib. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki çıxışı zamanı Prezident Əliyev layihənin əhəmiyyətini bu sözlərlə ifadə edib: "Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır.

Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir".

"ENERJİ TƏHLÜKƏSİZLİYİ MİLLİ TƏHLÜKƏSİZLİYİN, ÖLKƏLƏRİN TƏHLÜKƏSİZLİYİNİN AYRILMAZ BİR HİSSƏSİDİR"

Azərbaycanın qlobal enerji bazarında oynadığı strateji rolu açıq-aydın görünür. Bu möhtəşəm layihə enerji təhlükəsizliyi, mənbələrin və marşrutların şaxələndirilməsi, eləcə də qlobal enerji bazarında balansın təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. "Bu gün heç vaxt olmadığı qədər enerji təhlükəsizliyi milli təhlükəsizliyin, ölkələrin təhlükəsizliyinin ayrılmaz bir hissəsidir və bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik", - deyə dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında bildirib. Dövlətimizin başçısı qeyd edib: "Çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır".

Azərbaycan yaşıl enerji sahəsində də uğurlu layihələr həyata keçirərək, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcıdır. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bu enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.

Xəzər dənizinin külək enerjisi potensialından istifadə edərək ölkəmiz təkcə daxili tələbatı ödəməyi deyil, həm də Avropaya yaşıl enerji ixracını hədəfləyir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji zonası" elan edilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, su elektrik stansiyalarının modernləşdirilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın bu sahədəki strateji məqsədlərindən biridir. Dövlət başçısının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji mənbələrinə sərmayə yatıran ölkə kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz yaşıl enerji sahəsində böyük potensiala malikdir və qarşıdakı illərdə bu sahənin inkişafı üçün daha böyük addımlar atmağı planlaşdırır.

"İNVESTİSİYALARIMIZLA HİDROENERJİ POTENSİALIMIZI ARTIRIRIQ, XÜSUSƏN DƏ ERMƏNİSTANIN İŞĞALINDAN AZAD EDİLMİŞ ŞƏRQİ ZƏNGƏZUR VƏ QARABAĞ BÖLGƏLƏRİNDƏ"

Ölkəmiz, həmçinin 2050-ci ilə qədər karbon emissiyalarını minimuma endirməyi və enerji sektorunda bərpaolunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırmağı qarşısına məqsəd qoyub. Bu hədəflər Azərbaycanın təkcə regionda deyil, qlobal enerji bazarında da mövqeyini möhkəmləndirəcəyini göstərir. "Biz deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyində tərəfdaşlıq üçün daha mühüm rol oynayacaq", - deyə Prezident diqqətə çatdırıb.

Bu gün artıq investorlarımızla imzalanmış müqavilələrin olduğunu söyləyən dövlətimizin başçısı vurğulayıb:"Bu, Günəş və Külək enerji stansiyalarına aid olan müqavilələrdir ki, 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd edirəm ki, nəticədə xeyli təbii qaza qənaət etmək imkanı yaranacaq ki, hazırda həmin qaz ölkə daxilində elektrik enerjisinin istehsalı üçün istifadə olunur və ixraca yönəldiləcək. Biz, eyni zamanda, öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq, xüsusən də Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ bölgələrində".

Cənub Qaz Dəhlizi yalnız infrastruktur layihəsi kimi deyil, həm də qlobal enerji bazarında balans yaradan və uzunmüddətli perspektivdə strateji önəm daşıyan uğur modeli kimi dəyərləndirilir. Azərbaycan bu gün dünyanın enerji xəritəsini dəyişdirən ölkələrdən biri kimi çıxış edir. Cənub Qaz Dəhlizi sayəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas tərəflərdən birinə çevrilib. Son illərdə Azərbaycanın bu sahədə qazandığı uğurlar və atdığı strateji addımlar layihənin dayanıqlılığını daha da möhkəmləndirib.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti uzaqgörən və davamlı inkişaf prinsiplərinə əsaslanır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər