PDF Oxu

Siyasət

  • 2 882

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ - ŞƏRH

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ - ŞƏRH

Azərbaycan və Almaniya arasında bütün sahələri əhatə edən əlaqələr bu gün dinamik şəkildə inkişaf edir. İki ölkə arasındakı bütün dövrlərdə mövcud olan qarşılıqlı əməkdaşlıq münasibətləri əsaslı təməllər üzərində qurulub, səmimi və etibarlı olması ilə hər zaman fərqlənib. Azərbaycanla Almaniya arasındakı əməkdaşlıq ikitərəfli əlaqələrin dərinləşməsinə möhkəm baza yaradıb. İki ölkə arasında indiyədək imzalanmış rəsmi sənədlər münasibətlərin daha da dərinləşməsi

üçün geniş imkanlar açıb.

Məlum olduğu kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank – Valter Ştaynmayerin aprelin 2-də ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevlə birlikdə mətbuata bəyanatlarla çıxış etmişlər.

Bu səfərin iki dövlət arasındakı əlaqələrə müsbət təkan verəcəyini söyləyən Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə aparılan danışıqlarda bir sıra beynəlxalq məsələlərlə yanaşı Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması ilə ticarət dövriyyəsi təxminən 3 dəfə artmışdır. Bu baxımdan gələcək illərdə Almaniya şirkətlərinin böyük təcrübəyə malik olduğu bərpaolunan enerji sahəsində ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atılmalıdır. Azərbaycanın xarici investorların sərmayəsi hesabına bərpaolunan enerji növlərinin gücünü 2030-cu ilə qədər 6 giqavata çatdırmaq potensialının real olduğunu bildirən Dövlət Başçımız bunun bir hissəsinin Avropaya ixrac ediləcəyini qeyd edib.

Prezident cənab İlham Əliyev çıxışı zamanı 2024-cü ildə Azərbaycanın ev sahibi olduğu 197 ölkəni təmsil edən, 77 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi COP29 beynəlxalq iqlim konfransı zamanı əldə olunan böyük və uğurlu nəticələrə nəzər yetirib və Almaniya ilə aparılan fəal əməkdaşlıqdan danışıb. Eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin belə mötəbər beynəlxalq tədbiri boykot edərək iştirak etməməsinin təəssüf hissi doğurduğunu qeyd edən ölkə başçısı bu məsələ ilə bağlı Azərbaycanın mövqeyinin Almaniya tərəfinə çatdırıldığını vurğulayıb.

Keçirilən görüşlər zamanı müzakirə olunan məsələlərdən biri də Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi idi. Azərbaycan xalqının 30 il ərzində erməni işğalından əziyyət çəkdiyini, etnik təmizlənməyə məruz qaldığını, torpaqlarımızın təxminən 20 faizinin işğal altına düşdüyünü, bir milyon azərbaycanlının erməni aqressiyası ucbatından evsiz-eşiksiz qaldığını vurğulayan Prezident İlham Əliyev beynəlxalq təşkilatların bu məsələ ilə bağlı ciddi addım atmadığını, Azərbaycanın bu münaqişəni və beynəlxalq hüququ döyüş meydanında və siyasi müstəvidə özünün həll etdiyini, məhz bu tarixi Zəfərimiz hesabına sülh danışıqlarına yol açıldığını diqqətə çatdırmışdır.

Cənab Prezident İlham Əliyev ötən il onun Berlində keçirdiyi görüşlərin Almaniya və Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını, bu il isə ikitərəfli münasibətlərin tarixində baş tutan Almaniya Prezidentinin Azərbaycana ilk rəsmi səfərinin qarşılıqlı etimad və strateji tərəfdaşlığın güclənməsi baxımından mühüm əhəmiyyət daşıdığını və bu səfərin çox müsbət nəticələrinin olacağını bildirib.

Bu səfər göstərdi ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli faydalanan, Avropa üçün əhəmiyyətli tərəfdaş olan Azərbaycan Almaniya ilə münasibətləri artıq strateji tərəfdaşlığa çevirmişdir və bu tərəfdaşlıq hər iki dövlətin gələcək inkişafına xidmət göstərəcəkdir.

Günay Məmmədli

YAP Yasamal rayonu “Moskva pr. 67” (ADSEA) ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər