Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin strateji əhəmiyyətini nümayiş etdirmişdir. Bu səfər həm ikitərəfli münasibətlərin möhkəmlənməsinə, o cümlədən bir çox sahələrdə daha dərin əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmışdır. Prezidentlərin mətbuata verdiyi bəyanatlar Azərbaycan-Almaniya əlaqələrinin gələcək perspektivlərindən xəbər verir.
Bu səfər iki ölkə arasında siyasi dialoqun daha da dərinləşməsini təmin etmişdir. Dövlətimizin başçısı çıxışında bildirib ki, bu səfər Azərbaycan və Almaniya arasında əlaqələrə yeni müsbət təkan verəcəkdir. Azərbaycan Prezidenti iqtisadi sahədə əldə edilmiş uğurlardan ruhlandığını vurğulamış, gələcək illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı daha fəal addımların atılmalı olduğunu qeyd etmişdir. Səfər zamanı təkbətək və nümayəndə heyətləri ilə aparılan danışıqlarda ikitərəfli münasibətlərin gələcək inkişafı barədə fikir mübadiləsi aparılmışdır.
Dövlətlərarası iqtisadi əməkdaşlıq son illər ərzində sürətlə inkişaf etmiş, bu ilin yanvar-fevral aylarında iki ölkənin ticarət dövriyyəsi təxminən üç dəfə artıb. Cənab İlham Əliyev bunun əsas səbəbinin Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olduğunu diqqətə çatdırıb. Perspektivdə, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi planlaşdırılır. Almaniya şirkətlərinin bu sahədəki təcrübəsi Azərbaycanın enerji sektorunun modernləşdirilməsində mühüm rol oynaya bilər. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji istehsalını 6 giqavata çatdırmağı planlaşdırır və bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.
Ötən ilin noyabr ayında Azərbaycan COP29 beynəlxalq iqlim konfransına uğurla ev sahibliyi etmişdir. Bu mötəbər konfransda 197 ölkə iştirak etmiş və 77 mindən çox nümayəndə qeydiyyatdan keçmişdir. Həmin istiqamət üzrə dövlətimizin Almaniya ilə çox fəal əməkdaşlığı olmuşdur. Konfransın uğurlu nəticələri Azərbaycan və Almaniya arasında əməkdaşlığın inkişafına şərait yaradacaqdır. Bu sahədə iş birliyi hər iki ölkənin iqlim dəyişikliyi ilə mübarizədə birgə addımlar atmasını təmin edəcəkdir.
Almaniya ilə Azərbaycan arasında əlaqələr yalnız iqtisadi və ekoloji sahələrdə deyil, həm də təhlükəsizlik məsələlərində də dərinləşir. Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, milyonlarla insanın evsiz qalmasına və torpaqlarının işğal olunmasına səbəb olan bu münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etmişdir. Prezident İlham Əliyev Azərbaycanın Vətən müharibəsində tarixi Zəfəri və Ermənistanla sülh danışıqları prosesi barədə danışaraq bu məsələnin həm beynəlxalq, həm də regional təhlükəsizlik baxımından önəmli olduğunu vurğulamışdır.
Azərbaycan və Almaniya arasındakı əlaqələr yalnız ikitərəfli deyil, həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edir. Dövlət başçıları qlobal təhlükəsizlik məsələlərini müzakirə edərək səmimi fikir mübadiləsi aparmış, bu isə qarşılıqlı etimadın möhkəmlənməsinə və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə şərait yaratmışdır.
Azərbaycan ilə Almaniya arasındakı diplomatik əlaqələr 1992-ci ildən bəri inkişaf etmiş və ötən dövrdə 77 sənəd imzalanmışdır. Ticarət və investisiyalar sahəsində Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupu və Alman-Azərbaycan Xarici Ticarət Palatası kimi mühüm strukturlar yaradılmışdır. Bu səfərin yekunları ölkələr arasında daha yaxın və strateji münasibətlərin yaranmasına səbəb olacaq.
Beləliklə, Almaniya və Azərbaycan arasında münasibətlərin gələcəyi bir çox məsələlərdə yeni imkanların yaranmasını təmin edəcəkdir. Bu əlaqələrin inkişafı hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edəcək, eyni zamanda regionda və dünyada sülh və sabitliyin bərqərar olmasına mühüm təsir göstərəcəkdir. Prezident İlham Əliyev bu səfərin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyini və çox müsbət nəticələr əldə ediləcəyinə əminliyini ifadə edib.
Nurlan Həsənov
Milli Məclisin deputatı