PDF Oxu

Siyasət

  • 3 230

Azərbaycan-Almaniya: səmərəli əməkdaşlıq üçün yeni mərhələ ŞƏRH

Azərbaycan-Almaniya: səmərəli əməkdaşlıq üçün yeni mərhələ ŞƏRH

Azərbaycanın dünya birliyində getdikcə artan nüfuzu və təsir dairəsi ölkəmizə olan diqqət hörmətin də yüksəlməsinə, dünyanın sayılıb-seçilən ölkələri ilə bir cərgədə qərarlaşmasına gətirib çıxarıb. Heç də təsadüfi deyil ki, Cənubi Qafqaz bölgəsinin əsas söz sahibi olan Azərbaycan, bu gün həm də Şərqlə Qərb arasında mədəniyyət və siyasi etimad körpüsünə də çevrilib. Mühüm beynəlxalq forum və tədbirlərə ev sahibliyi edən Azərbaycan, dünya birliyi üçün etibarlı tərəfdaş kimi də nüfuz qazanıb. Ölkəmizin Almaniya dövləti ilə tarixi və mədəni münasibətlərini də bu qəbildən mühüm tarixi əlaqələr kimi qiymətləndirmək lazımdır. Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri, aparılan danışıqlar və əldə olunmuş razılıqlar deməyə əsas verir ki, bu səfər xüsusilə diplomatik münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaratmışdır. Bu səfər həm də bir çox mühüm məsələlərin müzakirə olunmasına və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradıb. İkitərəfli diplomatik əlaqələrin inkişafı, həmçinin işgüzar müzakirələr, mədəniyyət və təhsil sahələrində əməkdaşlıqla da dəstəklənir.Gəlin ölkələrimiz arasındakı münasibətlərə qısa nəzərə salaq. Öncə xatırladaq ki, Azərbaycan–Almaniya arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları, kobalt yataqları bazasında kobalt zavodu inşa edilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığının artması nəticəsində ətraf ərazilərdə, xüsusilə Azərbaycanın indiki Göy-göl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb.

Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 12-də tanıyıb və ölkələr arasında diplomatik münasibətlər 1992-ci il fevralın 20-də qurulub. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb.

Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan "Simens", "Ferrosstal", "İnterselekt", "Mersedes Bens" kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350–400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir.

Bildiyimiz kimi, Azərbaycan müasir dünyada Avropaya yaşıl enerjini ixrac etmək istiqamətində ardıcıl işlər görür. 2030-cu ilə qədər Azərbaycan enerji sektorunda külək, Günəş və su elektrik enerjisinin payını 30 faiz artıracaqdır. 2027-ci ilin sonuna qədər 9 Günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir. Dünyada baş verən geosiyasi hadisələr fonunda enerji təhlükəsizliyi məsələləri diqqətdən kənarda qalmır. Avropanın enerji sahəsində asılılığı azaltmaq, alternativ mənbələr və etibarlı tərəfdaşlar axtarışında Azərbaycana xüsusi önəm verməsində bir sıra amillər özünü göstərir. Müasir dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Almaniya və Azərbaycan arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri də Azbaycanla əməkdaşlıq etməyə maraq göstərirlər. "Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır. Bunun bir hissəsi Avropaya ixrac ediləcək", - deyə dövlətimizin başçısı vurğulayıb. Vurğulamaq yerinə düşər ki, Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Almaniyanın "Berlin Wind" şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq "Yeni Yaşma" Külək Elektrik Parkında yenidənqurma işləri aparılıb və 2018-ci il oktyabrın 11-də parkın açılışı olub.

Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 1-də Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı azərbaycanlı həmkarı Prezident İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər. Rəsmi səfər çərçivəsində aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar.

Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək. Dövlət başçısı qeyd edib: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”. İlham Əliyev, həmçinin vurğulayıb ki, bərpaolunan enerji sahəsində, harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var: “Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 qiqavata çatdırmaq fikrindəyik və bu, tam realdır. Bunun bir hissəsi Avropaya ixrac ediləcək”.

Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan dövlətimizin başçısı deyib: “İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.

Öz növbəsində mətbuata bəyanatında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bildirib ki, “Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir”. “Biz həmişə demişik ki, bu, sizin (Azərbaycan) ərazinizdir və bu gün Almaniyanın bu mövqeyini təsdiqləyirik”.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti var. Son bir il ərzində bu istiqamətdə atılan addımlar və əldə olunan irəliləyişlər münasibətilə təbriklərini ifadə edən Almaniya Prezidenti deyib: “Razılaşmanın əldə olunması ilə bağlı mühüm an yetişib. Ümid edirəm ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümidlər bəsləyirəm”.

Frank-Valter Ştaynmayer Almaniyanın bu prosesdə lazımi dəstəyi verməyə hazır olduğunu əlavə edib. O, həmçinin bildirib ki, Almaniya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinə böyük əhəmiyyət verir. Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, Prezident Frank-Valter Ştaynmayerin ölkəmizə ilk rəsmi səfəri dövlətlər arasında tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Digər xəbərlər