Tədbirdə İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın qəbul olunmasına zərurət yarandı.
Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir.Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub.Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib.Xalqımız böyük qürur və fəxarət hiss ilə bu il müəllifi Ümummilli Liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək.Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında sərəncam imzalayıb.Əminliklə deyə bilərik ki, mühüm tarixi əhəmiyyətə malik olan bu sərəncam tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda , 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacaq.
Sevindirici haldır ki, bu gün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq.Ölkəmizin hazırki vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə dərk edir, bunu gənc nəslə çatdırmağı qarşımızda məqsəd qoyur və özümüzə borc bilirik.
Xatırladaq ki, müstəqilliyini bərpa etmiş Azərbaycanın yeni mərhələdə qarşısında duran tarixi vəzifələrin öhdəsindən o dövrdəki hakimiyyət gələ bilmədi, ölkəmiz böyük çətinliklərlə, faciələrlə üz-üzə qaldı, cəmiyyət həyatının bütün sahələrində kəskin böhran, anarxiya baş alıb getdi.Torpaqlarımız “Böyük Ermənistan” xülyası ilə yaşayan bədnam qonşularımız tərəfindən işğal edildi, xalqımızın milli mənliyinə sarsıdıcı zərbələr endirildi.Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamaq iqtidarına gəlib çıxdı.Belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə hələn Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri müdrikcəsinə həll etdi, ölkəmiz öz inkişaf yolunu tutdu.Beləliklə də Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi.1995-ci il noyabrın 12-də isə Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.Qəbul olunan Konstitusiya ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olan yeni Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbrəliyi ilə ölkəmiz tarixi Zəfərə imza atıb, ərazi büyövlüyümüz və suverenliyimiz tam bərpa olunub, Azərbaycan Kontituiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub, Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır, Qarabağ və Şərqi Zənggəzur dirçəldilir,keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur.Ölkə başçısı İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si ölkəmizdə “Dövlət Suverenliyi Günü” elan edilib.Bütün bu qalibiyyət ilə Azərbaycan dünyada yeni reallıqların müəllifi kimi tanınır.Yeni reallıqlar isə azərbaycanımızı yeni uğurlara hədəfləyir.
Tədbirdə partiya faəllarından Kəmalə Zərbaliyeva, Ozal Nuriyev və Xəzər İsmayılov çıxış etmişlər.Çıxışçılar ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasında, müstəqilliyimizin qorunmasıda ölkə başçısı cənab İlham Əliyevin müstəsna xidmətlərindən bəhs etmiş, ölkə vətəndaşlarını Azərbaycan Konstitusiyasına hörmətlə yanaşmağa və onun tələblərinə ciddi riayət etməyə çağırmışlar.
Sonda "Qurtuluşdan Zəfərə" adlı videoçarx nümayiş olunmuşdur.