PDF Oxu

Siyasət

  • 1 093

Azərbaycanın enerji strategiyası qlobal müstəvidə böyük əhəmiyyət daşıyır

image

“Azərbaycanın enerji strategiyası qlobal müstəvidə böyük əhəmiyyət daşıyır. Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin açılış mərasimində iştirak etməsi və çıxışı qlobal enerji ailəsinə böyük bir ehtiramın, hörmətin nümunəsi kimi qarşılanmaqla, tədbirin xüsusi yüksək statusunu artırır. Hər iki tədbirdə dünyanın 24 ölkəsi, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin nümayəndəsinin iştirakı isə dünyanın enerji sənayesi sahəsində mövcud reallıqların müzakirəsində Bakının mərkəzi coğrafiya olmasını təsdiqləyir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan hazırda neft resursları ilə yanaşı, qaz tədarükü sayəsində Avropanın və digər region ölkələrinin etibarlı sadiq tərəfdaşına çevrilib. Qaz nəqlinin ana arteriyası olan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynamasını təmin edib. Toplantının açılış sessiyasından sonra nazirlər sessiyası “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam edib. Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə İkinci Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa da keçirilib. Toplantılarda müvafiq dövlət qurumlarının və müxtəlif ölkələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları, enerji sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, eləcə də tanınmış biznes icmasının bir araya gələrək səmərəli görüşlər keçirməsi, faydalı müzakirələr aparması əməkdaşlığın yeni yollarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Enerji sənayesində çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələrinin əhəmiyyətli təklifləri isə dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verir. Prezident İlham Əliyev toplantıda Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artdığını diqqətə çatdıraraq vurğulayıb: “Bu memorandum Avropa Komissiyasının Prezidenti və mənim tərəfimdən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni, bu, bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq”.
Millət vəkili qeyd edib ki, Azərbaycan neft-qazla yanaşı alternativ enerji siyasətini də genişləndirir. “Yaşıl enerji” ailəsinin üzvlərinin iclasda böyük bir investorlar qrupunda təmsil olunması Azərbaycanın bərpa olunan enerji sektoruna marağı əks etdirməklə, yeni layihələrə yol açır. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin, Türkiyə və digər ölkələrin sənaye və qabaqcıl texnologiyalar üzrə tanınmış şirkətlərinin Bakı iclasında yer alması “yaşıl enerji”nin aktual və gündəmdə ön plana çıxaraq yeni beynəlxalq platformaya çevrildiyini göstərir. Ölkəmiz “yaşıl enerji” sahəsində böyük potensiala malikdir. “Yaşıl enerji”nin yeni trayektoriyası olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası da nikbin perspektiv vəd edir. Mövcud dəyərləndirmələrə əsasən, Qarabağ və Şərqi-Zəngəzurda hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin həcmi ölkə üzrə resursların təxminən 30-40 faizini təşkil edir. Həmin iqtisadi rayonlarda enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Təkcə Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir.
“Bütövlükdə, ölkəmizin belə mötəbər tədbirlərə ev sahibliyi qlobal enerji ailəsini bir araya gətirərək enerjinin şaxələnməsi, “təmiz enerji” və “yaşıl hidrogen” təşəbbüslərini genişlənməsi istiqamətində əlavə fürsətlər yaradacaq. Bu faktor həmçinin, ölkəmizə mühüm siyasi dividentlər də qazandırır”,-deyə Pərvin Kərimzadə vurğulayıb.

Digər xəbərlər