Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Regiondakı siyasi gərginliyə, münaqişələrə və təzyiqlərə baxmayaraq, Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasətini uğurla həyata keçirir, müəllifi olduğu strateji layihə və təşəbbüsləri ardıcıl şəkildə reallaşdırır. 2015-ci ildən etibarən keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası enerji təhlükəsizliyi, infrastrukturun inkişafı, həmçinin istehsalçı, tranzit və istehlakçı ölkələr arasında koordinasiyanın təminatında müstəsna rol oynayır.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları fonunda Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində müstəsna yeri və rolu bir daha təsdiqlənib. Prezident İlham Əliyevin tədbirdəki dərin məzmunlu çıxışı, enerji strategiyası ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin ənənəvi, habelə bərpa olunan enerjinin ixracı sahəsində zəngin potensialının dünyaya təqdimatı, qarşıya qoyduğu hədəflərlə bağlı dolğun təsəvvürlərin formalaşdırılması baxımından diqqəti xüsusilə cəlb edir.Azərbaycan böyük enerji hasilatı və nəqliyyat layihələrinin həyata keçirilməsində zəngin təcrübəyə malikdir. Bu layihələr korporativ maliyyələşmə və borclanma yolu ilə həyata keçirilmişdir. AÇG, “Şahdəniz” və “Abşeron” kimi layihələr bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Yaxın gələcəkdə bir çox yeni yataqların istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda müqavilələr imzalanıb və işçi proqramları təsdiq edilib. Cənub Qaz Dəhlizi layihəsinin üç əsas komponenti olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP hal-hazırda tam gücü ilə fəaliyyət göstərir. Lakin qlobal enerji bazarının sürətlə dəyişməsi və artan tələbat fonunda bu infrastrukturun genişləndirilməsi vacib bir məsələ olaraq irəli sürülüb.Tədbirdə iştirak edən Prezident İlham Əliyev çıxışında bildirib ki, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. 3500 kilometrlik bu inteqrasiya olunmuş boru kəməri sistemi – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə – 12 ölkəyə, o cümlədən 10 Avropa dövlətinə Azərbaycan qazını çatdırır. Qaz təchizatının coğrafiyası isə durmadan genişlənir, son bir il ərzində daha 5 ölkə Azərbaycan qazının alıcısına çevrilib və bu artım tendensiyası davam edir. Ölkəmiz Pan-Avropa qaz təchizatçısına çevrilib, dövlətimizin fəal enerji siyasəti nəticəsində SOCAR-ın hasilat, nəql və çatdırılma sahəsində rolu daha da güclənir.Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkənin, 7 beynəlxalq maliyyə institutunun,42 enerji şirkətinin qatıldığı, nazirlərin,nazir müavinlərinin,digər yüksəksəviyyəli nümayəndələrin iştirak etdiyi tədbir açılış sessiyasından sonra işini “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirdi.İclasda Prezident İlham Əliyevin dərinməzmunlu çıxışı enerji siyasətinin uğurla həyata keçirildiyini göstərir. Dövlət başçısının dediyi kimi, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkələrindən biridir.
Məşvərət Şurası iclaslarına qatılan nümayəndələrin də fikri bundan ibarətdir ki, Azərbaycan etibarlı tərəfdaşlığı təmin edən ölkəyə çevrilib.Dünyada böyük etimad qazanan ölkəmizin strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır, beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir.Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Bütün bunlar onu göstərir ki, ölkəmiz yaşıl enerji amilinə önəm verməklə dünya üçün bu istiqamətdə töhfələr verəcək.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı