Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər 1992-ci ildən – Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra – rəsmi şəkildə qurulmuşdur. Bu münasibətlər zamanla siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıqla daha da dərinləşmişdir.Azərbaycan və Almaniya arasında diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulmuşdur. Elə həmin il Almaniyanın Bakıda səfirliyi, 1997-ci ildə isə Azərbaycanın Berlində səfirliyi açılmışdır. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə əsaslanan qarşılıqlı hörmət və əməkdaşlıq çərçivəsində münasibətlərini inkişaf etdirmişdir. Azərbaycan-Almaniya iqtisadi münasibətləri son illərdə nəzərəçarpacaq dərəcədə genişlənmişdir. Almaniya, Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşlarından biridir. Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq mövcuddur. Alman şirkətləri Azərbaycanda müxtəlif layihələrdə, o cümlədən alternativ enerji və texnoloji inkişaf sahələrində fəal iştirak edir.
Almaniya həmçinin Azərbaycanın qeyri-neft sektorunun inkişafına dəstək göstərən ölkələrdəndir. İqtisadiyyat Nazirliyi və Almaniya İqtisadiyyat Nazirliyi arasında müxtəlif işçi qrupları vasitəsilə qarşılıqlı investisiyaların təşviqi həyata keçirilir.
Altay Məmmədov
YAP Şamaxı rayon təşkilatının sədr müavini