“Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən beynəlxalq tədbirə - “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş 7-ci ADA Siyasi Forumunda Prezident İlham Əliyev geniş məzmunlu çıxış edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra ekspertlərin azad edilmiş ərazilərə səfəri ölkəmizin, münaqişənin tarixi haqqında, həmçinin Azərbaycanın bugünkü reallıqları barədə daha çox məlumat verir. Açıq formada keçirilən müzakirələrdə həmçinin dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunub, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycanın bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalaması coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşdırmağa imkan yaradıb: “Prezident İlham Əliyevin Forumda çıxışında Ermənistanla olan münasibətlərə xüsusi yer ayırıb. Vurğulayıb ki, bütün şansların olmasına baxmayaraq Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Buna görə də Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətləri nümunə ola bilər. Enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq və digər sahələrdə əldə edilən uğurlar hər iki dövlətə iqtisadi səmərə gətirib. Eyni zamanda Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi. Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər. Bu gün Azərbaycanın Ermənistandan əsas gözləntisi ölkəmizin ərazi bütövlüyü ilə bağlı ölkəmizin ərazi bütövlüyünün təsdiqi, Ermənistan Konstitusiyasında olan iddiaların ləğv edilməsidir. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq”.