PDF Oxu

Siyasət

  • 1 402

Qlobal Çağırışlara Cavab: Azərbaycanın Geosiyasi Vizyonu ŞƏRH

image

Prezident İlham Əliyevin 2025-ci il aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı həm regional, həm də qlobal kontekstdə ciddi təhlil edilməli bir məruzə idi. Bu çıxış bir neçə əsas istiqamətdə diqqəti çəkdi: qlobal siyasətdə dəyişən balanslar, Azərbaycanın müstəqil mövqeyi, enerji və nəqliyyat strategiyası, və beynəlxalq hüquq prinsiplərinə sadiqlik.

Prezident İlham Əliyev çıxışının əvvəlində vurğuladı ki, hazırkı beynəlxalq sistem artıq əvvəlki kimi işləmir. Qlobal güclər arasında qarşıdurmalar artıb, beynəlxalq hüququn tətbiqi selektiv xarakter daşıyır və “qüdrətli olan haqlıdır” yanaşması üstünlük təşkil edir. Bu fikirlər bir tərəfdən beynəlxalq münasibətlər sistemində ədalətin zəifləməsinə işarədirsə, digər tərəfdən, Azərbaycanın öz mövqeyini bu çətin reallıqlar fonunda necə qurduğunu izah edir: Ukrayna müharibəsi, Yaxın Şərqdəki böhranlar, Qərb və Rusiya, həmçinin ABŞ və Çin arasında artan gərginlik dünya nizamında qeyri-müəyyənliklər yaradıb. Dövlətimizin bu mənzərədə, Azərbaycanın bu xaotik mühitdə necə balanslı və prinsipial siyasət apardığı hər kəsə məlumdur.

Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan heç bir güc mərkəzinə bağlı deyil və daxili siyasətə müdaxilələrə qarşıdır. Bu çıxışın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan üçün dövlət suverenliyi və daxili qərarvermə azadlığı prioritetdir. Bu, həm də region ölkələrinə və beynəlxalq ictimaiyyətə açıq mesaj idi: Azərbaycan öz yolunu özü müəyyən edir.

Bu yanaşma son illərdə Azərbaycanın xarici siyasətində daha qabarıq görünür – xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra. Azərbaycanın güc tətbiq etməklə torpaqlarını azad etməsi və post-münaqişə dövründə sərbəst hərəkət etməsi, Qərb dairələrindən gələn təzyiqlərə qarşı sərt mövqe tutması bu çıxışla uyğunluq təşkil edir.

Çıxışın iqtisadi və strateji baxımdan ən mühüm hissələrindən biri Azərbaycanın enerji siyasətinə və yaşıl enerji sahəsindəki planlarına həsr olunmuşdu. İlham Əliyev qeyd etdi ki, Azərbaycan 25 qiqavat həcmində günəş və külək enerjisi hasil etməyi planlaşdırır və bu istiqamətdə ciddi addımlar atılır. Eyni zamanda, o, Azərbaycanın Avropa üçün vacib enerji təchizatçısı olduğunu və bu rolun daha da artacağını vurğuladı.

Burada iki strateji xətt üzə çıxır: birincisi, enerji resurslarından maksimum səmərə ilə istifadə; ikincisi, yaşıl enerjiyə keçidlə qlobal iqlim gündəminə uyğunlaşmaq. Bu yanaşma Azərbaycanın həm ənənəvi enerji bazarlarında, həm də gələcəyin texnologiyalarında önə çıxmaq istəyindən xəbər verir.

Prezident İlham Əliyevin çıxışının mühüm hissələrindən biri beynəlxalq hüququn selektiv tətbiqinə qarşı iradlar idi. O bildirdi ki, bəzi ölkələr hüququ öz maraqlarına uyğun tətbiq edir, digərləri isə buna qarşı çıxanda “anti-demokratik” adlandırılır. Bu fikir Azərbaycan rəhbərliyinin uzun illərdir beynəlxalq ikili standartlara qarşı apardığı xəttin davamı idi.

Prezident İlham Əliyevin çıxışı qlobal siyasətdəki dəyişikliklər fonunda Azərbaycanın strateji mövqeyini, dövlət suverenliyinə əsaslanan siyasətini və iqtisadi, enerji, nəqliyyat sahələrindəki inkişaf vizyonunu nümayiş etdirdi. Bu çıxış həm yerli, həm də beynəlxalq auditoriyaya ünvanlanmış mesaj idi: Azərbaycan post-sovet məkanında və daha geniş coğrafiyada öz gücünü, prinsipial siyasətini və gələcəyə yönəlmiş strategiyasını ortaya qoyur.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər