“Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. ADA Universitetində dünyanın müxtəlif beyin mərkəzlərinin iştirakı ilə toplantıların keçirilməsi artıq ənənə halını alıb”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forum günümüzlə səsləşir. Çünki hazırda çox mürəkkəb proseslər baş verir və dünya yeni nizam ərəfəsindədir. Çox təqdirəlayiqdir ki, bu Forum ilk olaraq Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində işinə başladı. Bu fakt xarici qonaqların, müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizminə şahid olmasına, eləcə də dövlətimiz tərəfindən həyata keçirilən möhtəşəm quruculuq işləri ilə tanış olmalarına şərait yaradır. Forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər. Cənab Prezident İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Təbii ki, bu amil ölkəmizə beynəlxalq birliyin inam və etimadının göstəricisidir.
Millət vəkilinin sözlərinə görə, dünyada müşahidə edilən proseslər və sürətlə dəyişən reallıqlar fonunda beyin mərkəzlərinin rolu artıb. Bəşəriyyət son dərəcə narahat bir dönəmdən keçir. Qloballaşma, iqlim dəyişmələri, coğrafiyası genişlənən müharibələr, yeni sənaye inqilabı, süni intellekt erasına keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır. Bu çağırışlar fonunda qlobal və milli gündəliklər uzlaşdırılmalı, necə deyərlər, qızıl orta müəyyənləşdirilməli, təcrübə mübadiləsi aparılmalıdır. Burada yüksək səviyyəli analitiklərin çalışdıqları beyin mərkəzlərinin rolu önə çıxır. Cənab Prezident İlham Əliyev Forumda qlobal aktual problemlər, yeni dünya nizamı, Cənubi Qafqaz regionunda vəziyyət, postmünaqişə dövründə baş verən proseslər və digər aktual məsələlərlə bağlı dərinməzmunlu, düşündürücü və praqmatik yanaşma ortaya qoyub.
Forumda dövlət başçısının müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin suallarını ətraflı şəkildə cavablandırdığını deyən millət vəkili qeyd edib ki, diqqət mərkəzində olan əsas məsələlərdən biri də Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Dövlət başçısının dediyi kimi, Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan cənab Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Müharibədən sonrakı vəziyyət isə əsasən Ermənistandan asılıdır. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağda erməni separatizminin kökünü kəsib. Ancaq nəzərə alaq ki, sülh sazişi imzalanmayıb. Ona görə də, dövlətimiz potensial təhlükələri nəzərə alaraq özünü müdafiə etməyə və Ermənistanın təxribatlarına cavab verməyə hər an hazır olmalıdır. Sülh sazişinin imzalanmasına gəlincə, biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq.
“Azərbaycan güclü dövlət kimi, regionda söz sahibidir və yeni düzən formalaşdırır. Eyni zamanda, Azərbaycan dünyada etibarlı tərəfdaş imicini möhkəmləndirir, dostlarının sayını davamlı olaraq artırır. Məhz bu səbəbdəndir ki, müxtəlif ölkələr arasında yaranan problemlərin həllinə Azərbaycan dost ölkə olaraq töhfələr verir. Artıq bütün dünya regionumuzda Azərbaycanla hesablaşır. Bu amil dövlətimizin gücünü göstərir”,-deyə deputat vurğulayıb.