PDF Oxu

Siyasət

  • 513

İnsanlara nur bəxş etmiş oftalmoloq Akademik Zərifə xanım Əliyeva - ŞƏRH

image

Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatı almış ilk azərbaycanlı, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış qadınlarındandır.

Həyatda mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir.Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva da belə seçilmiş insanlardan olmuşdur.

Zərifə xanım Əliyeva Azərbaycanın qeyrət və idraklıq, ağıl və dərrakəlik, mətanət və mübarizlik, zəriflik və nəciblik, gözəllik və mərhəmətlik, humanistlik və vətənpərvərlik rəmzi sayılan Tomris ana və Nüşabələrin, Burla xatun və Banuçiçəklərin, Məhsəti Gəncəvi və Xurşudbanu Natəvanların, TutiBikələrin, Nigarların, Həcərlərin 20-ci yüzillikdə ən layiqli davamçılarından biri kimi müasir dövr sivilizasiyasının mürəkkəb və keçilməz sədlərini məharətlə adlamış, onun ciddi tələblərinə mətinliklə cavab verərək elm və təfəkkürün, həkimlik və pedaqoqluğun, alicənablıq və insansevərliyin ən uca zirvəsinə yüksələ bilmişdir.

1923-cü il aprel ayının 28-də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb boya-başa çatmış, həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir.

Zərifə xanım Əliyeva 1942-ci ildə Bakıda orta məktəbi bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1947-ci ildə institutu əla qiymətlərlə bitirən Zərifə xanım göz həkimi olmaq arzusu ilə Moskvaya getmiş, orada iki il Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya elminin incəliklərinə dərindən yiyələnmək məqsədilə ixtisaslaşma kursu keçmişdir. Zərifə xanım ixtisaslaşma kursunu müvəffəqiyyətlə başa vuraraq Bakıya qayıtmış və Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda həkim-ordinator vəzifəsinə təyin edilmişdir. O, 1950-ci ildə aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində çalışmışdır.

Zərifə xanım Əliyeva 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

Akademikin qaynar həyat və yaradıcılıq fəaliyyəti Azərbaycan Tibb Universiteti, Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutu, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur.

Akademik Zərifə Əliyeva gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, layiqli vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Zərifə xanım onlarca elmlər doktorunun və elmlər namizədinin elmi rəhbəri olmuşdur. Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi tutarlı nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. O, həmçinin çoxillik elmi, pedaqoji, müalicəvi, ictimai fəaliyyəti nəticəsində qazandığı uğurlara görə bir sıra orden və medallarla, fəxri fərmanlarla təltif edilmişdir.

Akademik Zərifə xanım Əliyevanın aktual problemin həlli yollarında apardığı səmərəli işlər öz bəhrəsini vermiş və o, 1976-cı il may ayının 27-də Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın kimya sənayesinin bir sıra müəssisələrində işçilərdə görmə orqanının vəziyyəti" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Zərifə xanım Əliyeva nəsillərə örnək olacaq nümunəvi fəaliyyəti dövründə təkcə çalışdığı elm və tədris ocaqlarında, tibb müəssisələrində deyil, bütövlükdə çiyin-çiyinə yaşadığı ömür-gün yoldaşı ilə, sədaqətli övladları ilə birlikdə ölkənin ictimai həyatında yaxından iştirak etmişdir. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. Zərifə xanım Əliyeva respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, həmçinin Moskvada çıxan "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - "peşə oftalmologiyası"nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır.

Akademik Vətənini, xalqını, bütün insanları məhəbbətlə sevmiş, peşəsinin və sənətinin vurğunu olmuşdur. Onun qəlbində vətən övladlarını qorumağa, vətənin keşiyini çəkməyə hər zaman hazır olan müqəddəs bir ana ürəyi, sıravi bir vətəndaş ürəyi döyünürdü.

Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, vətənpərvər və xeyirxah insan, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır. O, həyatı daim mübarizələrdə keçən Heydər Əliyevin ömür-gün yoldaşı idi. Həyat yollarında daim birgə addımlayır, çətinliklərə birgə sinə gərirdilər. Ulu Öndər deyirdi: “O, mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”.

Zərifə xanım Vətənə layiqli övladlar yetişdirib. Bu məqamda Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşər: “Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”.

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük.

Zərifə xanım Əliyeva özünün yazıb-yaratdığı monumental əsərləri ilə, qoyub getdiyi elmi nailiyyətləri ilə, pedaqoqluq səriştəsi, təvazökarlıq və yüksək səviyyəli mədəni irsi ilə ideal bir həkim, alim, insan kimi daim yaşayır və yaşayacaqdır.

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Digər xəbərlər