PDF Oxu

Siyasət

  • 3 335

Zərifə xanım Əliyeva nur bəxş etdiyi minlərin, milyonların qəlbində, nurunda əbədi yaşayır

image

Zərifə xanım Əliyeva Azərbaycan qadınının müdrikliyini, zəkasını, fədakarlığını və yüksək əxlaqını özündə cəmləşdirən nadir bir sima idi. O, sübut etdi ki, bir qadın eyni zamanda alim, ana, həyat yoldaşı və cəmiyyət üçün dəyərli bir şəxsiyyət ola bilər. Onun timsalında Azərbaycan qadının elmə, ailəyə və Vətənə sədaqətin parlaq nümunəsini görürük.Gözlərə, qəlblərə nur gətirən Zərifə xanım Əliyevanın ömür kitabına da Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadiminin taleyi yazıldı. Gözəl ana, vəfalı ömür-gün yoldaşı, tibb elminə töhfələr vermiş həkim-oftalmoloq, Akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün kamillik məktəbidir.

Görkəmli şəxsiyyət Zərifə xanım Əliyevanın həyatında səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət hər zaman öndə olub. Əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedadı hesabına ən ali zirvəni fəth edən Zərifə xanım Əliyevanın xalq qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva çoxillik fəaliyyəti dövründə Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdıb, neçə-neçə gözə şəfa bəxş edib, neçə-neçə görməyən insanların qaranlıq dünyasını işıqlandırıb.
Həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb boya-başa çatan, həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərən Zərifə xanım Əliyevanın Azərbaycan xalqını traxoma xəstəliyi adlı müdhiş bəladan xilas etməkdə misilsiz xidmətləri olub. Zərifə xanım Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzib, əhali arasında məqsədyönlü söhbətlər aparıb, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirib. Traxomanın ləğvi yolunda yorulmaq bilmədən aparılan intensiv elmi axtarışlar, əldə edilən dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyası işinin dayaq nöqtəsini, ana xəttini təşkil edib. Zərərli müəssisələrdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri diqqətlə öyrənən, zərərli peşələrin törətdikləri göz xəstəliklərini elmi surətdə əsaslandıran, onların qarşısını almaq üçün əməli tədbirlər görən Zərifə xanım Əliyeva bu xeyirxah işi ilə, belə müəssisələrdə çalışanların görmə orqanlarını təhlükədən xilas edirdi.
Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətləri, mükafatları Azərbaycan oftalmologiya elminə verilən yüksək qiymət kimi dəyərləndirib. “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”. Həkimlik sənəti ilə bağlı söylədiyi bir fikir bir daha təsdiq edir ki, peşəkar həkim kimi layiqli qiymətini alan Zərifə xanımın ən böyük amalı vətəndaşlara xidmət etmək olub. Həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb. Onun üçün elmlər doktoru adını almaqdan öncə insanların görmə qabiliyyətinin yaxşılaşdırılması prioritet məsələ idi.
Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş, özündən sonra nurlu xatirələr qoyub gedən Zərifə xanım Əliyeva nəcib keyfiyyətləri ilə Azərbaycan xalqı tərəfindən sevilir, gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, nurunda əbədi yaşayır.
Zərifə xanım sözün əsl mənasında xoşbəxt insanlardandır ki, bu gün onun ocağında onun yolunu davam edən, xeyirxahlıq və ümid təcəssümü olan Mehriban xanım Əliyeva var. Qürurverici haldır ki, Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, mənəvi saflığı, fədakarlığı Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir.

Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər