“Tarix boyu yüksək mənəvi keyfiyyətlərə malik, ağıllı, iradəli Azərbaycan qadınları cəmiyyət tərəfindən yüksək qiymətləndirilib, adları minnətdarlıqla anılıb. Azərbaycan tibb elminin parlaq simalarından biri, akademik, görkəmli oftalmoloq və ictimai xadim Zərifə xanım Əliyeva da belə şəxsiyyətlərdəndir. Müasir Azərbaycan elminin və səhiyyəsinin inkişafında müstəsna xidmətləri ilə yadda qalan Zərifə xanım Əliyevanın zəngin elmi irsi, insanlara olan dərin sevgisi və yüksək mənəvi keyfiyyətləri bu gün də böyük ehtiramla yad edilir.” Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Həyat Zərifə xanıma şərəfli tale seçib. O, böyük dövlət xadiminin qızı, Azərbaycanı müstəqilliyə gətirib çıxaran Ulu Öndərin həyat yoldaşı, hər bir azərbaycanlının Prezidenti İlham Əliyevin anası idi.
Zərifə xanım bu həyatda öhdəsinə düşən bu missiyaları şərəflə yerinə yetirdi. Zərifə xanım Əliyeva vəfalı ömür-gün yoldaşı, yaxşı ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş həkim-oftalmoloq, intellektual keyfiyyətləri cəm halda özündə birləşdirən ziyalı, XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri kmi yaddaşlara əbədi həkk olundu.
Gənc yaşlarından elmə və təhsilə böyük maraq göstərən Zərifə xanım Əliyeva oftalmologiya sahəsində əzolunmaz uğurlar əldə edib. O, xüsusilə göz xəstəliklərinin peşə xəstəlikləri ilə əlaqəsini araşdıraraq bu sahədə elmi məktəb yaradıb. Onun elmi əsərləri təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında da yüksək qiymətləndirilib, bir çox beynəlxalq simpozium və konfranslarda təqdim olunub.
XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Zərifə xanım Əliyevanın müalicə metodu bütün respublikada tətbiq edilirdi. Uğurlu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.
Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan danışan Pərvin Kərimzadə bildirib ki, akademik Zərifə Əliyevanın rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində minlərlə insanın görmə qabiliyyəti bərpa olunub, səhiyyə sistemində yeni yanaşmalar formalaşdırıb. Müxtəlif dövlət mükafatlarına layiq görülərək, peşəkar həkim kimi layiqli qiymətini alan Zərifə xanımın ən böyük amalı vətəndaşlara xidmət etmək olub. O, həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb. Zərifə xanım Əliyevanın alim olaraq elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s. məhz bu məsələlərə həsr olunmuşdur.
Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb.
Milli Məclisin deputatı Pərvin Kərimzadə vurğulayıb ki, akademik, görkəmli oftalmoloqun adını daşıyan Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu gün də uğurla fəaliyyət göstərir, minlərlə insana işıq bəxş edir. Hər il burada keçirilən elmi-praktik konfranslar onun ideyalarının davamçısı olan gənc alim və həkimlərin yetişməsinə xidmət edir.
Zərifə Əliyevanın anım günü sadəcə bir xatırlama günü deyil. Bu, həm də insani dəyərlərə, elmə və Vətənə xidmətə ehtiramın ifadəsidir.
Bu gün Ulu Öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, mənəvi saflığı, fədakarlığı Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir.