Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum qlobal siyasət və təhlükəsizlik məsələləri baxımından mühüm önəm kəsb edir. Bu forum mövcud geosiyasi reallıqları, eləcə də təhlükəsizlik təhdidlərini nəzərə alaraq, regionda və dünyada mövcud olan mürəkkəb vəziyyəti dəyərləndirmək üçün fikir mübadiləsi aparılmasına imkan yaradıb. Dünya siyasətinin tanınmış nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycan Prezidenti öz çıxışında çağdaş dövrün aktual mövzularını dərindən təhlil edərək, dövlətimizin bu məsələlərə yanaşma tərzini və strateji baxışını nümayiş etdirib.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ilin Vətən müharibəsi və 2023-ci ildə bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixi zəfərlər qazanaraq dövlət suverenliyini və ərazi bütövlüyünü tam təmin edib. Forumda Azərbaycan Prezidenti çıxışında həmin hərbi əməliyyatların əldə etdiyi nəticələrin strateji əhəmiyyətini və ölkəmizin mövqeyinin güclənməsinə təsir göstərən amilləri vurğulayıb. Dövlətimizin başçısı, həmçinin forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərlərini qeyd edərək onların bu bölgələrdə Ermənistan tərəfindən törədilən dağıntıların şahidi olduğunu diqqətə çatdırıb. Post-münaqişə dövründə isə ölkəmiz yeni infrastruktur layihələri ilə regionda daha geniş əməkdaşlıq imkanları yaratmağı planlaşdırır və bu istiqamətdə ciddi irəliləyişlər əldə olunub. Bu layihələr nəqliyyat və enerji infrastrukturunun inkişafı ilə yanaşı, regionda ticarət və investisiya imkanlarını da artıracaq. Gələcəkdə sülhün və sabitliyin möhkəmləndirilməsi məqsədilə müxtəlif tərəfdaşlarla fəal əməkdaşlıq davam etdiriləcək.
Forumda Prezident İlham Əliyev, həmçinin regionun inteqrasiyası üçün mövcud imkanlar və gələcək perspektivlər barədə fikirlərini qeyd edib. Bununla yanaşı, 30 illik işğal dövründə Ermənistanın qeyri-konstruktiv siyasət yürütdüyünü söyləyən Azərbaycan Prezidenti bu dövlətin strateji səhvlərini və “böyük Ermənistan” arzusunun onların özləri üçün nə qədər təhlükəli olduğunu diqqətə çatdırıb.
Dövlətimizin enerji təhlükəsizliyi və neft-qaz sahəsində əldə etdiyi uğurları barədə məlumat verən cənab İlham Əliyev hazırda Azərbaycanın qaz təchizatının 12 ölkəni əhatə etdiyini vurğulayıb. Onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Xüsusilə, Albaniyada həyata keçiriləcək qazlaşdırma layihəsi Azərbaycanın sərmayələri sayəsində həyata keçiriləcək. Dövlətimiz bu sahədə böyük təcrübəyə sahibdir və Gürcüstan, Bolqarıstan kimi ölkələrlə enerji sahəsində uğurla əməkdaşlıq etməkdə davam edir. Dövlətimizin başçısı, həmçinin Xorvatiya ilə əlaqələrə dair fikirlərini bildirib, bu ölkə ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət yanaşdığını qeyd edib.
Türk dövlətləri arasında qarşılıqlı maraqların təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi prioritetlərdən biridir. Bu istiqamətdə Azərbaycan daim təşəbbüslər irəli sürərək əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verir. Prezident İlham Əliyevin liderliyi, diplomatik bacarığı bu prosesin hər zaman önündədir, dövlətimizin başçısının təşəbbüsü ilə görülən işlər Türk dünyasında həm regional, həm də beynəlxalq müstəvidə böyük nailiyyətlərə yol açır. Türk dünyasında ölkələr arasında münasibətlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir: “Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur. Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var”.
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 7-ci ADA Siyasi Forumu Azərbaycan Respublikasının dünya arenasında mövqeyini bir daha gücləndirib. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və qlobal siyasətdə rolunun vacibliyini növbəti dəfə ön plana çıxarıb, həmçinin ölkəmizin gələcəkdə daha da güclü olacağına dair əminlik yaradıb. Bu cür beynəlxalq platformalar Azərbaycanın geopolitik gücünü möhkəmləndirərək daha geniş əməkdaşlıq imkanları yaradacaq.
Nurlan Həsənov
Milli Məclisin deputatı