Azərbaycan qadınları əsrlər boyu həyatımızın müxtəlif sahələrində fəal mövqe tutmuş, ağlı, zəkası, namusu, fədakarlığı, mərdliyi, vətənpərvərliyi ilə fərqlənmişdir. Dünyada elə insanlar var ki, onlar bütün qəlbi ilə bu və ya digər sahəyə bağlanır, ömrünü ona həsr edir. Zaman keçdikcə onların bu zəhməti böyük bir cərəyanın, məktəbin əsasını təşkil edir. Bu mənada xalqımız öz ziyalıları, alimləri ilə sözün həqiqi mənasında öyünə bilər. Biz belə insanları daim xatırlamalı, onları təbliğ etməli, gənc nəslə tanıtmalıyıq. Bu dəyərli insanlardan biridə XX əsr Azərbaycan qadınların əldə etdiyi ən yüksək məziyyətləri özündə əks etdirən Zərifə xanım Əliyevadır.
Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilən Zərifə xanım Əliyevanın vəfatından 40 il ötür. 15 aprel 1985-ci il tarixində vəfat edən Zərifə xanımın tibb elmi qarşısında xidmətləri o qədər böyük və məzmunludur ki, biz onu təkcə bu gün deyil, hər gün xatırlamalı oluruq. Onun yazdığı elmi monoqrafiyalar, kitablar həkimlərimizin masaüstü vəsaitlərinə çevrilib. 62 il yaşamasına baxmayaraq, Zərifə xanım mənalı ömrü və zəngin elmi yaradıcılığı ilə dünyaya nümunəvi Azərbaycan qadını obrazını canlı surətdə təqdim edə bilmişdir. Ailə dəyərlərinə bağlı, vəfalı həyat yoldaşı, nəzakətli ana və şəfqətli həkim olan Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətinə qısa nəzər salmaq kifayətdir ki, onun Azərbaycan xalqı üçün nə qədər faydalı işlər gördüyünü söyləyəsən.
Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolundan, misilsiz elmi faəaliyyəti haqqında danışmaq nə qədər şərəflidirsə o qədər də çətindir.
150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə xanım Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində daima yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır. Dünya şöhrətli oftalmoloqun işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri