Akademik Zərifə Əliyeva zəngin mənəviyyatı və yüksək ziyalılığı ilə ömrü boyu şərəfli və mənalı bir yol keçmiş, dərin elmi bilikləri və əzmkarlığı ilə ölkəmizdə tibb elminin inkişafına mühüm töhfələr vermişdir. Onun oftalmologiya sahəsindəki çoxillik araşdırmaları nəticəsində ərsəyə gələn qiymətli elmi əsərləri hər zaman böyük rəğbətlə qarşılanmış və yüksək dəyərləndirilmişdir. Alim tərəfindən irəli sürülən yeni müalicə üsulları və genişmiqyaslı profilaktik tədbirlər qısa müddət ərzində tibbi praktikaya uğurla tətbiq olunmuşdur. Azərbaycanda oftalmologiya üzrə ilk ixtisaslaşmış elmi-tədqiqat laboratoriyasının yaradılması da məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə mümkün olmuşdur. Həkimlik əxlaqını və humanist dəyərləri öz elmi və pedaqoji fəaliyyətində daim ön planda tutan Zərifə xanım ölkəmizdə peşəkar tibbi kadrların yetişdirilməsi sahəsində böyük əzmkarlıq göstərmiş, gənc oftalmoloqların yetişdirilməsində əvəzsiz rol oynamışdır.
Akademik Zərifə Əliyeva həm Azərbaycan tarixində, həm də dünya oftalmologiya elmi sahəsində öz silinməz izini qoymuşdur. Zərifə xanım Əliyeva Azərbaycanın tibb elminin inkişafına, xüsusilə də oftalmologiya sahəsinə verdiyi misilsiz töhfələri ilə adını elm tariximizə qızıl hərflərlə yazdırmışdır. Zərifə xanımın tədqiqatları nəticəsində ölkəmizdə traxoma kimi ciddi bir sosial xəstəliklə mübarizədə mühüm irəliləyiş əldə olunmuş, müalicə və profilaktika sahəsində əsaslı elmi nailiyyətlər əldə edilmişdir. Onun təşəbbüsü ilə yaradılmış oftalmoloji laboratoriya bu sahədə aparılan tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Onun elmi araşdırmaları, minlərlə insana şəfa bəxş edən müalicə metodları, gənc həkimlərin yetişməsində göstərdiyi fədakarlıq bu gün də böyük hörmət və rəğbətlə xatırlanır. Onun timsalında qadına, anaya, elm adamına xas olan bütün gözəl xüsusiyyətlər bir araya gəlmişdi. Əllərinin şəfası, dərin elmi bilikləri, mehriban və qayğıkeş davranışları ilə minlərlə insanın gözlərinə nur bəxş etmişdir. Lakin Zərifə xanım Əliyevanın böyüklüyü yalnız elm sahəsindəki uğurları ilə məhdudlaşmır. O, həm də yüksək mənəvi keyfiyyətlərə malik, qayğıkeş bir ana, mehriban ömür-gün yoldaşı, ləyaqətli bir Azərbaycan qadını idi. Ömrünün hər anında insanlara sevgi, şəfqət və mərhəmət bəxş edərək, həqiqi həkim və ziyalı nümunəsi olmuşdur.
Son dərəcə mərd, mərhəmətli və nəcib insan olan Zərifə Əliyeva həm də ailə dəyərlərinə sadiq bir ana və vəfalı ömür-gün yoldaşı olmuşdur. Dahi siyasi xadim Heydər Əliyevin həyat yoldaşı olmaq kimi böyük məsuliyyət daşıyan Zərifə xanım ailəsinin daim nümunəvi olmasına çalışmış və bu məsuliyyətin öhdəsindən ləyaqətlə gəlmişdir. Müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin həyat yolunda onun sadiq və fədakar həyat yoldaşı Zərifə xanımın dəstəyi əvəzedilməz olmuşdur. Onun bu möhtəşəm yolda tutduğu mövqe və göstərdiyi fədakarlıq tarixə yazılmışdır.
Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı, qalib Azərbaycanımızın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əziz anasıdır. Bu möhtəşəm ailənin təməlində də Zərifə xanımın vəfalı, müdrik, fədakar obrazı dayanır. Prezident cənab İlham Əliyevin öz sözləri ilə desək: "Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur... Onun bütün fəaliyyəti insan amilinə əsaslanırdı. O həm yüksək peşəkar, həm də çox xeyirxah bir insan idi."
Zərifə xanım Əliyevanın adı bu gün də müxtəlif elmi mərkəzlərdə, tibb müəssisələrində əbədiləşdirilmişdir. Onun əziz xatirəsi minlərlə insanın qəlbində yaşayır.
Zaman keçəcək, əsrlər dəyişəcək, lakin Zərifə xanım kimi elm fədailəri hər zaman yaddaşlarda yaşayacaq. Onun şərəfli ömrü, tibbə və cəmiyyətə xidmətləri bu gün də Azərbaycanın həyatında hiss olunur.
Mehman RAMAZANOV,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini