Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır. Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi.
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.Zərifə xanım həmin dövrdə Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirmiş, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdıraraq və sanballı elmi kəşfləri sayəsində traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yaratmışdı. Məhz onun əməyi sayəsində, qısa bir vaxtda təhlükə törədən bu ağır infeksion xəstəliyin kökünü kəsmək mümkün olmuşdu. “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası Azərbaycan tibbi elminə ən sanballı tədqiqat əsəri kimi yazılıb.
Zərifə xanım çoxillik elmi-tədqiqat işlərinə görə, 1983-cü ildə Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə sərf etdiyi gərgin əmək böyük fayda gətirmiş, cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabında oxuyuruq: “Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi.
Zərifə xanım Ulu Öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olmuşdu. Ulu Öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri