Zərifə Əziz qızı Əliyeva Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, oftalmologiya sahəsində dəyərli tədqiqatları ilə tanınan alim kimi təkcə ölkə daxilində deyil, beynəlxalq elmi mühitdə də yüksək nüfuz qazanmış şəxsiyyətdir. Onun elmi fəaliyyəti xüsusilə infeksion və qeyri-infeksion göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi ilə bağlı məsələləri əhatə etmiş, oftalmologiya sahəsində bir sıra mühüm yeniliklərə səbəb olmuşdur. Zərifə Əliyevanın tədqiqatlarında əsas yer tutan mövzulardan biri də traxoma və qlaukoma xəstəliklərinin öyrənilməsi olmuşdur.
XX əsrin ortalarında traxoma xəstəliyi Azərbaycanda geniş yayılmış və əhali arasında görmə qabiliyyətinin zəifləməsinin əsas səbəblərindən birinə çevrilmişdi. Traxoma – gözlərin xroniki infeksion xəstəliyi olub, əsasən gigiyenik şəraitin aşağı olduğu yerlərdə yayılır və müalicə olunmadıqda korluğa qədər aparan ağırlaşmalara səbəb olur. Zərifə Əliyeva bu xəstəliyin sosial və tibbi cəhətdən nə qədər təhlükəli olduğunu dərindən dərk edərək, elmi fəaliyyətinin ilk mərhələlərində məhz traxomanın öyrənilməsinə yönəlmiş kompleks tədqiqatlara başlamışdır. Onun 1960-cı illərdə apardığı araşdırmalar nəticəsində traxomanın yayılma yolları, epidemioloji xüsusiyyətləri, müxtəlif yaş qruplarındakı təsiri və onunla mübarizə üsulları geniş şəkildə öyrənilmişdir.
Zərifə Əliyevanın tədqiqatlarında göstərilirdi ki, traxoma yalnız bir tibbi problem deyil, həm də sosial-iqtisadi şəraitlə sıx bağlı olan bir hadisədir. O, traxomanın qarşısını almaq üçün genişmiqyaslı maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulamış, sanitariya və gigiyena qaydalarına riayət olunmasının profilaktikada mühüm rol oynadığını elmi əsaslarla sübut etmişdir.
Dünya şöhrətli oftalmoloq traxomanın diaqnostikasında və müalicəsində yeni metodların tətbiqi ilə bağlı da ciddi elmi axtarışlar aparmışdır. O, müalicədə antibiotiklərin səmərəliliyini yoxlamış, yerli və sistemli müalicə üsullarını müqayisə etmiş, nəticədə traxomanın erkən mərhələdə effektiv şəkildə müalicəsinin mümkün olduğunu göstərmişdir. Onun bu istiqamətdə yazdığı məqalələr və elmi tövsiyələr Səhiyyə Nazirliyi tərəfindən praktik tibb müəssisələrində tətbiq olunmuşdur.
Zərifə Əliyevanın elmi fəaliyyətində qlaukoma xəstəliyi də xüsusi yer tutur. Qlaukoma – göz daxili təzyiqin artması nəticəsində görmə sinirinin zədələnməsi ilə müşayiət olunan və zamanla korluğa səbəb ola bilən ciddi göz xəstəliyidir. Bu xəstəlik xüsusilə yaşlı əhali arasında geniş yayılmışdır və uzun müddət simptomsuz keçə bildiyindən diaqnostikası çətin olur. Zərifə Əliyeva bu xəstəliyin Azərbaycanda epidemioloji vəziyyətini öyrənmək məqsədilə geniş tədqiqat proqramı həyata keçirmişdir. O, ölkənin müxtəlif bölgələrində yaşayan fərqli yaş qrupları arasında aparılan müayinələr əsasında qlaukomanın yayılma tezliyini müəyyən etmiş və bu sahədə statistik məlumatlar toplamışdır. Əldə olunan nəticələr əsasında qlaukomanın erkən diaqnostikası və müalicəsi ilə bağlı tövsiyələr hazırlanmışdır.
Zərifə Əliyeva qlaukomanın erkən mərhələdə aşkarlanmasının mümkünlüyünü sübut edən ilk azərbaycanlı tədqiqatçılardan biri olmuşdur. Həmçinin, o, qlaukomanın simptomatik və profilaktik müalicəsi istiqamətində də elmi-praktik tövsiyələr hazırlamışdır.
Zərifə Əliyevanın traxoma və qlaukoma sahəsində apardığı tədqiqatlar nəticəsində bir sıra elmi əsərlər nəşr edilmişdir. Onun doktorluq dissertasiyası da məhz bu sahəyə həsr olunmuşdur. Bu dissertasiyada o, traxomanın etiopatogenezi, klinik gedişi və müalicə üsullarını ətraflı şəkildə tədqiq etmiş, öz elmi yanaşmalarını geniş statistik materiallar əsasında əsaslandırmışdır.
Alim tərəfindən hazırlanan metodiki tövsiyələr və praktiki göstərişlər, xüsusilə rayonlarda çalışan oftalmoloqlar üçün faydalı olmuş, bu xəstəliklərin effektiv diaqnostikası və müalicəsində istifadə edilmişdir. Onun elmi rəhbərliyi ilə bir sıra aspirant və gənc tədqiqatçı traxoma və qlaukoma ilə bağlı mövzularda namizədlik dissertasiyaları müdafiə etmişlər.
Zərifə Əliyeva özünün zəngin elmi irsi, yüksək peşəkarlığı və humanist dəyərləri ilə Azərbaycan oftalmologiya elminə əvəzsiz töhfələr vermişdir. Onun traxoma və qlaukoma xəstəliklərinin öyrənilməsi sahəsində apardığı tədqiqatlar bu xəstəliklərin diaqnostika və müalicəsində yeni mərhələnin əsasını qoymuşdur. Alimin bu sahədə əldə etdiyi nailiyyətlər təkcə dövrünün deyil, bu gün də aktual olan tibbi və sosial problemlərin həllinə mühüm töhfədir. Onun elmi irsi gələcək nəsil tədqiqatçılar üçün etibarlı və zəngin qaynaq rolunu oynamaqdadır. Zərifə Əliyeva öz elmi və insanpərvər fəaliyyəti ilə həm oftalmologiya sahəsinin inkişafına xidmət etmiş, həm də minlərlə insanın sağlam görmə hüququnu qorumağa nail olmuşdur.
Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri