Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, h.e.d, prof. Zahid Cəfərov, “Gənc istedadlar” liseyinin direktoru Fuad Babayev, ərazi üzrə partiyanın üzvləri və liseyin müəllim kollektivi iştirak edib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılarını salamlayaraq tədbiri açıq elan edən “Gənc istedadlar” liseyinin direktoru Fuad Babayev çıxış üçün sözü YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, h.e.d, prof. Zahid Cəfərova verib.
Çıxış edən YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, h.e.d, prof. Zahid Cəfərov ilk öncə "Konstitusiya və Suverenlik İli” haqqında tədbir iştirakçıalrına məlumat verib. Qeyd olunub ki, Konstitusiya hər bir dövlətin əsas qanunu, hüquqi sisteminin təməlidir. O, xalqın iradəsini, hüquq və azadlıqlarını təmin edən ən vacib sənəddir. Müstəqil Azərbaycanın Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyası dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayıb. Suverenlik isə bir dövlətin müstəqilliyini və öz taleyini sərbəst şəkildə müəyyən etmə haqqını ifadə edir. Azərbaycan xalqı tarix boyu suverenliyini qorumaq uğrunda mübarizə aparıb və bu gün də onu gücləndirmək üçün birgə çalışır. Milli birlik Konstitusiyanın əsas dəyərlərindən biridir. Bu birlik sayəsində dövlətimizin müstəqilliyi möhkəmlənir, hüquqlarımız qorunur və gələcəyimiz təmin edilir. Hər bir vətəndaş Konstitusiyaya hörmət etməli, onu yaşatmalı və suverenliyimizi daim uca tutmalıdır. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə qloballaşan dünyada nüfuzlu ölkə olaraq söz sahibidir. Bütün bunlar da milli birlik və milli suverenliyimizin vasitəsi ilə möhkəm təməllər üzərində qorunur və inkişaf edilir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynayır.
Qeyd edilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi Azərbaycanın bütün ərazilərində tam bərqərar olub. Eyni zamanda, İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə bərqərar olduğu diqqətə çatdırılıb.
Sonda çıxış edən “Gənc istedadlar” liseyinin direktoru Fuad Babayev qeyd edib ki, bu gün Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın müstəqilliyini möhkəmləndirdi və regionda lider dövlətə çevirdi. Onun ideyaları bu gün də ölkənin uğurlarının təməlində dayanır. Bu gün qalib ölkəmiz uğurla inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız tarixi nailiyyətlərə imza atmaqda davam edəcək.