Cari ilin 16 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Bakıda keçirilən görüşü ölkələr arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Səfər çərçivəsində baş tutan görüşdən sonra mətbuata verdikləri birgə bəyanatda səsləndirilən fikirlər regionda sülh, əməkdaşlıq və davamlı inkişafın prioritet olduğunu bir daha nümayiş etdirdi.
Dövlət rəhbəri İlham Əliyevin çıxışı zamanı vurğuladığı əsas məqamlar Azərbaycanın qonşu ölkə olan Gürcüstanla münasibətlərinə verdiyi yüksək qiyməti və bu əlaqələrin qarşılıqlı etimada əsaslandığını əks etdirirdi. Ölkə lideri qeyd etdi ki, Gürcüstanla bütün sahələrdə – siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar istiqamətlərdə əməkdaşlıq yüksək səviyyədədir və bu, regional sabitliyin əsas sütunlarından biridir.
Bundan əlavə Prezident Azərbaycan və Gürcüstanın beynəlxalq layihələrdə – xüsusilə enerji və nəqliyyat dəhlizlərində – birgə fəaliyyətini xüsusi vurğuladı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars kimi layihələr yalnız bu iki ölkə üçün deyil, o cümlədən bütün region və Avropa üçün strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq formatı region ölkələrinin iqtisadi müstəqilliyinə və enerji təhlükəsizliyinə xidmət edir.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili də çıxışında Azərbaycanla münasibətlərin dostluq və qarşılıqlı fayda əsasında qurulduğunu bildirdi. O, qeyd etdi ki, Gürcüstan Azərbaycanın regionda sabitliyi təşviq edən siyasətini dəstəkləyir və birgə layihələrin davam etdirilməsi üçün siyasi iradə tam mövcuddur.
Bəyanatda sülh və təhlükəsizlik məsələlərinə də geniş yer ayrıldı. Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda sabitliyin bərqərar olunmasının və əməkdaşlıq mühitinin genişləndirilməsinin vacibliyini vurğuladı. Bu yanaşma Azərbaycanın post-münaqişə dövründə təşəbbüskar siyasətini və regionun gələcəyinə dair konstruktiv baxışını əks etdirir.
Hər iki ölkə liderlərinin mətbuata bəyanatı bir daha sübut etdi ki, Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, həmçinin daha geniş regional və beynəlxalq əhəmiyyətə malikdir. Qeyd edək ki, Prezidentlərin səsləndirdiyi fikirlər regional əməkdaşlığın dərinləşdirilməsi və Cənubi Qafqazın sülh platformasına çevrilməsi yolunda mühüm siqnal kimi dəyərləndirilə bilər.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini