PDF Oxu

Siyasət

  • 1 164

Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

image

Azərbaycan və Gürcüstan dostluqdan strateji tərəfdaşlığa, sabitlikdən birgə inkişafa gedən yolun iki qardaş xalqıdır. Azərbaycan və Gürcüstan arasındakı əlaqələr bu gün təkcə iki qonşu ölkənin diplomatik münasibətləri kimi deyil, bütövlükdə Cənubi Qafqazda sabitlik və tərəqqi modelinə çevrilmişdir.

Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin mətbuat üçün birgə bəyanatları bu əməkdaşlığın dərinliyini və əhəmiyyətini bir daha nümayiş etdirir. Yeni seçilmiş Gürcüstan Prezidentinin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında formalaşmış sarsılmaz etimadın və qarşılıqlı hörmətin təzahürüdür. Prezident İlham Əliyev bu addımı yüksək qiymətləndirərək vurğulayıb ki, “Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir”.
Azərbaycan və Gürcüstanın ortaq maraqları yalnız siyasi və diplomatik sahələrlə məhdudlaşmır. İki ölkə birgə həyata keçirdiyi neft, qaz, dəmir yolu və liman layihələri ilə Cənubi Qafqazı Avropa və Asiya arasında strateji tranzit mərkəzinə çeviriblər. Prezident İlham Əliyev bu barədə qeyd edib ki, “Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir...”.
Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat, kommunikasiya layihələri Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Bununla yanaşı, Azərbaycanın 12 ölkəyə təbii qaz ixracında Gürcüstan ərazisinin tranzit rolu bu əməkdaşlığın praktik və qarşılıqlı faydalı təbiətini göstərir. Bu, həm də regionda enerji təhlükəsizliyinə töhfə verən mühüm amillərdəndir. Cənubi Qafqazın gələcəyinə dair yanaşmalarında da Azərbaycan və Gürcüstan ortaq mövqedə dayanır. Sülh və əmin-amanlığın təmin edilməsi hər iki dövlətin prioritetidir. Dövlətimizin başçısı bu istiqamətdə söylədikləri gələcəyə ümidlə baxmağa əsas verir: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək...”.
Bu birmənalı əməkdaşlıq modeli həm də beynəlxalq münasibətlərdə nümunəvi siyasi davranış kimi qiymətləndirilə bilər. Azərbaycan və Gürcüstan arasında güclü siyasi dialoq, qarşılıqlı dəstək və əməkdaşlığa əsaslanan yanaşma, regionun sabitliyi və davamlı inkişafı baxımından həyati əhəmiyyət daşıyır. Sonda bir daha qeyd etmək olar ki, cənab İlham Əliyevin bəyanatında ifadə edilən fikirlər yalnız hazırkı münasibətləri deyil, gələcəkdə bu əlaqələrin daha da dərinləşəcəyini göstərən siyasi yol xəritəsidir.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Digər xəbərlər