Azərbaycan və Gürcüstan xalqları arasında ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirilməsi ölkələrimiz arasında ikitərəfli strateji əlaqələrin daha da möhkəmləndirilməsinin, münasibətlərin daha da zənginləşdirilməsinin nümayişi olur. İki ölkə arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri hər zaman yüksələn xətlə inkişaf edib. Hər iki xalqın maraqlarına uyğun olaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələrinin inkişafı onu təsdiq edir ki, Azərbaycan və Gürcüstanın dostluq əlaqələri möhkəm təməl üzərində qurulub.
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfərinin məhz Azərbaycana etməsi bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə birgə mətbuata verdikləri bəyanatlar hər iki ölkənin ikitərəfli əlaqələrinin yeni bir mərhələyə qədəm qoyduğundan xəbər verir.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.
Bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən Azərbaycan və Gürcüstanın əməkdaşlıq əlaqələri Qafqazın geopolitikasında ən güclü müttəfiqlik əlaqələridir. Bu ölkələrin qardaşlıq, dostluq əlaqələrinin getdikcə daha da inkişafı təkcə ölkələrimiz üçün deyil, region, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyan layihələrin reallaşdırılmasına şərait yaradıb. “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”. Prezident İlham Əliyevin bu fikirləri bir daha təsdiq edir ki, iki qardaş ölkənin birlikdə həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır.
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili də çıxışında Azərbaycan-Gürcüstan əlaqələrinin yeni mərhələyə qədəm qoymasına toxunub: “Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək”.
Gürcüstan-Azərbaycan arasında ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər bundan sonra da uğurla davam edəcək, qardaş ölkələr əl-ələ verərək qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcəklər.
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri