PDF Oxu

Siyasət

  • 1 342

Diplomatik münasibətlərdə etimad və dialoq ənənəsi

image

Azərbaycan-Gürcüstan əlaqələri Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunmasında mühüm amillərdən biri olmaqla yanaşı, eyni zamanda da bütün Avrasiya məkanında daha böyük coğrafiyanı əhatə edən bir çox ölkələrin maraqlarına xidmət edən siyasi-iqtisadi faktor kimi çıxış edir. Məhz bu baxımdan ölkələrimiz arasında əlaqələrin Azərbaycan və gürcü xalqları arasında tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında qurulması xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu gün ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə qurulmasında Azərbaycan və Gürcastan rəhbərlərinin şəxsi səyləri müstəsna rol oynayır. Bu fakt öz əksini Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu vəzifəyə seçildikdən sonra ilk rəsmi səfərini məhz Azərbaycana etməsində də tapır.

Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə səfəri çərçivəsində dövlət başçılarının mətbuata birgə bəyanatında bu mühüm məqam xüsusi qeyd olunmuşdur. Dövlətimizin başçısı bildirib ki, bu səfər bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir və Azərbaycanda çox yüksək qiymətləndirilir. Ölkələrimiz arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, kifayət qədər fəal siyasi dialoq mövcuddur.
Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz layihələri, nəqliyyat və kommunikasiya layihələri çox böyük coğrafiya üçün önəmlidir. Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunması Azərbaycan və Gürcüstanın iştirakı olmadan mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir.
Etiraf olunmalıdır ki, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı olmasına həm Gürcüstan, həm də Azərbaycan öz töhfələrini verirlər. Əlbəttə ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış çox mühüm bir addım da Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması olacaq. Öz bəyanatında Gürcüstan Prezidenti də ümid etdiyini bildirdi ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və bu, regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq.
Bütün bunlar Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da yüksək dinamika ilə inkişaf etməsi üçün möhkəm zəmin olduğunu deməyə əsas verir.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Digər xəbərlər