PDF Oxu

Siyasət

  • 1 110

Azərbaycan-Gürcüstan əlaqələri: Ortaq maraqlar, yeni hədəflər

image

SSRİ dağılandan sonra Azərbaycan və Gürcüstanda baş verən proseslər, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin yaranmasına gətirib çıxarıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar.

1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir. Bu strateji əməkdaşlıq ötən müddətdə bütün sahələr üzrə davam edib. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.
Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır. 2025-ci ilin 16 aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Bakıda keçirilən mətbuat konfransı iki ölkə arasındakı çoxşaxəli və strateji münasibətlərin növbəti parlaq nümunəsi oldu. Bu səfər Gürcüstan Prezidentinin Azərbaycan Respublikasına ilk rəsmi səfəri olmaqla, xalqlar arasında dərin dostluq, qarşılıqlı hörmət və uzunmüddətli əməkdaşlığın bariz ifadəsi kimi qiymətləndirildi. Prezident İlham Əliyev Gürcüstan liderinin ilk xarici səfərini Azərbaycana etməsini yüksək qiymətləndirərək, bu addımı iki ölkə arasında olan qardaşlığın və etimadın göstəricisi kimi dəyərləndirdi. Bu ənənənin davamlılığı Gürcüstanın sabiq baş naziri Giorgi Kvirikashvilinin də seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi ilə də sübut olunur. Azərbaycan və Gürcüstan arasındakı siyasi dialoq müntəzəm və fəal xarakter daşıyır.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini daima dəstəkləyir və bu, iki ölkə arasında siyasi həmrəyliyin yüksək səviyyədə olduğunu göstərir. Müntəzəm yüksək səviyyəli səfərlər, strateji məsələlər üzrə razılaşmalar və regional təhlükəsizlik sahəsində ortaq maraqlar, bu əməkdaşlığın daha da dərinləşməsinə səbəb olur. Azərbaycan və Gürcüstan arasında həyata keçirilən enerji, nəqliyyat və kommunikasiya layihələri, yalnız iki ölkə üçün deyil, bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir və bu prosesin mühüm hissəsi Gürcüstan ərazisindən keçirilən infrastruktur vasitəsilə baş tutur. Bu əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr, regionun enerji və nəqliyyat xəritəsini köklü şəkildə dəyişdirib. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və Cənubi Qafqazı strateji enerji körpüsünə çevirir.
Azərbaycan-Gürcüstan əlaqələri təkcə enerji və nəqliyyat sektoru ilə məhdudlaşmır. Bu tərəfdaşlıq, həm də Cənubi Qafqazda sülh və sabitliyin əsas dayaqlarından biri kimi çıxış edir. Prezident İlham Əliyev vurğulayıb ki, Cənubi Qafqaz uzun illər münaqişə və gərginliklərlə yadda qalsa da, hazırda regionun “qara səhifələrinin” bağlanması və yeni, əməkdaşlığa əsaslanan bir mərhələyə qədəm qoyulması mümkündür. Bu prosesdə Azərbaycan və Gürcüstanın birgə səyləri mühüm rol oynayır. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan-Gürcüstan münasibətləri yalnız dövlətlərarası deyil, həm də xalqlararası dostluq və qarşılıqlı anlaşmaya əsaslanır. Tarixi baxımdan əsrlərlə birgə sülh və mehribanlıq şəraitində yaşamış bu iki xalq, bu ənənəni bu gün də yaşadır və gələcək nəsillərə ötürür. Bu rəsmi səfər iki ölkə arasında mövcud olan münasibətlərin daha da möhkəmləndirilməsi və gələcəkdə yeni əməkdaşlıq istiqamətlərinin açılması üçün mühüm addım hesab olunur. Regional və beynəlxalq çağırışların artdığı bir dövrdə Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı, sabitliyin, inkişafın və sülhün təmin olunmasında əsas rol oynayacaq. Bu səfərin və səsləndirilən fikirlərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Gürcüstan arasında qurulan dostluq körpüsü, yalnız bu iki ölkəni deyil, bütövlükdə regionu və Avropanı əhatə edən dərin strateji əhəmiyyətə malikdir. Məhz bu baxımdan bu əməkdaşlıq həm regional, həm də qlobal sabitliyə və rifaha töhfə verir.

Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri

Digər xəbərlər