Aprelin 16-da Bakıda keçirilmiş görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qonşu ölkənin Prezidenti Mixeil Kavelaşvili birgə mətbuat konfransında bəyanatlarla çıxış ediblər. Bu səfər Prezident Kavelaşvilinin dövlət başçısı kimi ilk xarici səfəri olmaqla, iki dost ölkə arasında strateji tərəfdaşlığın dərinliyini və qarşılıqlı etimadı bir daha nümayiş etdirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev yüksək qonağı səmimiyyətlə qarşılayaraq onu prezident seçilməsi münasibətilə təbrik etmiş, bu səfərin iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq və qarşılıqlı hörmət münasibətlərinin parlaq təzahürü olduğunu qeyd etmişdir. Dövlət başçısı xüsusilə vurğulamışdır ki, birgə həyata keçirilən enerji və nəqliyyat layihələri Avrasiya məkanının enerji və logistik xəritəsini yenidən formalaşdırır, regionun və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verir.
Hazırda 12-dən çox ölkəyə təbii qaz ixrac edən Azərbaycan bu prosesdə qonşu ölkə ilə sıx əməkdaşlıq edərək Cənubi Qafqazın regional əhəmiyyətini artırır. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi sabitliyə və qarşılıqlı maraqlara xidmət edir.
Prezident Mixeil Kavelaşvili də çıxışında Bakıya səfərinin rəmzi əhəmiyyətini vurğulayaraq, iki ölkə arasında formalaşmış mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirmişdir. O, bir daha təsdiqləmişdir ki, dövlətlərimiz qarşılıqlı olaraq bir-birinin suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Prezident Kavelaşvili, həmçinin, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd etmişdir.
Prezidentlərin səsləndirdiyi fikirlər və irəli sürdükləri mövqelər, yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də regional və qlobal sabitlik kontekstində mühüm əhəmiyyət kəsb edir. Bakı görüşü, bir daha göstərdi ki, tərəflər arasında formalaşmış strateji əməkdaşlıq modeli zamanın çağırışlarına uyğun şəkildə inkişaf etməkdədir.
Bu bəyanatlar əməkdaşlığın növbəti mərhələyə qədəm qoyduğunu və qarşıdakı dövrdə daha da möhkəmlənəcəyini nümayiş etdirir.
Azər Süleymanov
YAP Nəsimi rayon təşkilatının sədri