Məlumdur ki, Azərbaycan dili bizim millət olaraq keçmişimizə, bu günümüzə və sabahımıza açılan mənəvi körpüdür. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dili xalqımızın milli kimliyini, mədəniyyətini və tarixi yaddaşını özündə əks etdirən müqəddəs bir sərvətdir. Dilimiz əsrlər boyu müxtəlif tarixi sınaqlardan keçmiş, lakin heç zaman öz dəyərini və mənəvi əhəmiyyətini itirməmişdir. Azərbaycan dilinin dövlət dili kimi inkişaf etdirilməsi və qoruması istiqamətində Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Qeyd edək ki, 1970- ci ildən etibarən SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsinin yenidən gündəmə gətirilməsi və milli dillərin sıxışdırılma prosesinin kəskinləşdiyi bir dövrdə Ulu Öndər Heydər Əliyev milli dilimizin xilaskarı kimi dövlətçilik tariximizə öz adını qızıl hərflərlə həkk etdirdi. Dahi rəhbərin fəal və ardıcıl həyata keçirdiyi dil siyasəti Azərbaycan dilinin hüquqi statusunun gücləndirilməsilə yanaşı, milli özünüdərk və azadlıq ruhunu yüksəltdi. 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması onun siyasi iradəsinin və milli-mənəvi dəyərlərə bağlılığının parlaq nümunəsidir. Ulu Öndərin fəaliyyəti o dövr üçün böyük cəsarət və uzaqgörənlik tələb edirdi.
Yeri gəlmişkən, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da Ümummilli Lider Heydər Əliyev dil siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdi. Onun " Öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz" prinsipi dilimizin inkişafının əsas meyarıdır. 1995- ci il oktyabrın 31- də Ulu Öndərin təşəbbüsü və fəal iştirakı ilə Konstitusiyasının dövlət dili haqqında maddəsi ilə bağlı gərgin müzakirələrin nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin ilin noyabrın 12- də qəbul olunan Konstitusiyanın 21- ci maddəsinə əsasən Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu. Ümumilli lider hər zaman Azərbaycan ədəbiyyatının və dilinin elmi-nəzəri əsaslarla öyrənilməsinə xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə bir sıra fundamental dilçilik əsərləri nəşr olundu və dilin tədrisi sahəsində mühüm islahatlar həyata keçirildi. Ulu Öndərin təşəbbüsü ilə latın qrafikasına keçid reallaşdı ki, bu da müasir dövrün tələblərinə uyğun bir addım idi.
Ən əsası, bu gün dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin qoruması və inkişafı ilə bağlı mühüm işlər görülür. Ölkə rəhbərinin uzaqgörən yanaşmaları fonunda Azərbaycan dili dünya miqyasında tanınan bir dilə çevrilməkdədir.
Yeganə İsgəndərova,
YAP Göygöl rayon təşkilatı üzrə Yeni Qızılca kənd ərazi partiya təşkilatının sədr müavini