Azərbaycan və Gürcüstan arasında əsrlərdən gələn mehriban qonşuluq və qarşılıqlı etimad siyasəti bu gün də uğurla davam edir. Bu münasibətlər müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək regionun və daha geniş coğrafiyanın inkişafında mühüm rol oynayır. Tarixi köklərə söykənən bu münasibətlər hərtərəfli əməkdaşlıq və gələcəyə doğru davamlı inkişaf xətti üzrə irəliləyir.
Prezident İlham Əliyevin düzgün və düşünülmüş xarici siyasət kursinda Gürcüstanla əlaqələr də mühüm əhəmiyyət daşıyır. Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi iki ölkə arasında münasibətlərin xüsusi rəmzi mahiyyət daşıdığını göstərir. Liderlər səviyyəsində yüksək təmaslar mütəmadi olaraq davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev indiyədək Gürcüstana 11 dəfə səfər edib ki, bu da əməkdaşlığın prioritetliyini bir daha təsdiqləyir.
Bəli, aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri iki qonşu və dost ölkə arasında dərin tarixi köklərə və strateji maraqlara əsaslanan münasibətlərin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentlər İlham Əliyev və Mixeil Kavelaşvili tərəfindən verilən birgə bəyanatlar qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin möhkəm və çoxşaxəli olduğunu bir daha nümayiş etdirir.
Əsrlərlə davam edən mehriban qonşuluq münasibətləri bu gün də dövlətlərarası əməkdaşlığın əsasını təşkil edir. Yeni seçilmiş Gürcüstan Prezidentinin ilk səfərini Azərbaycana etməsi rəsmi Tbilisinin ölkəmizlə münasibətlərə verdiyi yüksək dəyərin göstəricisidir. Prezident İlham Əliyev bəyanatında həmin məqamı xüsusi vurğulayaraq bildirib ki, bu səfər bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.
Ölkələrimiz arasındakı iqtisadi əlaqələrə nəzər yetirsək, sıx tərəfdaşlığımızın önəmini bir daha aydın şəkildə görmüş oluruq. İki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri enerji və nəqliyyat sahələrində yaxın əməkdaşlığın mövcud olmasıdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, eləcə də Cənub Qaz Dəhlizi layihəsi həm də Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətə malikdir. Bu layihələr Avrasiya regionunun enerji xəritəsini yenidən formalaşdırmaqla Cənubi Qafqazı mühüm enerji dəhlizinə çevirib.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni limanların və dəmir yollarının tikintisi Orta Dəhliz təşəbbüsünün reallaşmasında əsas həlqələrdən biridir. Hazırda Azərbaycan və Gürcüstan ərazisindən keçən yük daşımalarının həcmi ildən-ilə artır və bu artım dinamikası regionun logistika potensialını artırmaqla yanaşı, qitələrarası ticarətin dayanıqlığını təmin edir.
Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryolu Orta Dəhlizin əsas komponenti olaraq Şərqlə Qərbi birləşdirən strateji alternativ nəqliyyat arteriyasıdır. Son illərdə həm Gürcüstanda, həm də Azərbaycanda liman infrastrukturlarının gücləndirilməsi bu dəhlizi daha da rəqabətqabiliyyətli edir.
Xüsusilə vurğulamaq yerinə düşər ki, Cənubi Qafqazda davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi Azərbaycan və Gürcüstanın əsas prioritetlərindəndir. Hər iki dövlət uzun illərdir ki, regionda bu istiqamətdə fəal əməkdaşlıq edir və bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Prezident İlham Əliyev bəyanatında belə deyib. SİTAT: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir”.
Dövlətlər arasında yüksəksəviyyəli təmasların intensivliyi, fəal siyasi dialoq və qarşılıqlı dəstək bu münasibətlərin əsas sütunları sırasındadır. İkitərəfli səfərlərin ardıcıl xarakter daşıması, liderlər səviyyəsində aparılan müntəzəm müzakirələr əməkdaşlığın davamlılığını təmin edir. Regional və qlobal çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılması isə strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev mətbuata bəyanatında bir sıra vacib məqamları qeyd edərək ölkələrimiz arasında mövcud olan dərin dostluq və tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndirib. Dövlət başçısının sözlərinə görə, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. SİTAT: “Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir”.
Prezident İlham Əliyevin dost Gürcüstana etdiyi mütəmadi səfərlər strateji tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verib. Belə ki, 2023-cü il oktyabrın 8-də baş tutan son işgüzar səfər isə tərəfdaşlıq münasibətlərinin davamlı xarakter daşıdığını göstərir.
Xüsusilə onu da vurğulamaq istərdim ki, Azərbaycan və Gürcüstan BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələri böyük coğrafiya üçün önəmlidir. Belə ki, regional inkişafa davamlı töhfələri ilə diqqətdə olan Azərbaycan və Gürcüstan dövlətlərinin qətiyyəti, siyasi iradəsi əsasında reallığa çevrilən, çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri sonrakı illərdə əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə stimul oldu. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan, nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat, enerji xəritəsini yenidən tərtib edən layihələrdir.
Beləliklə, tarixi sınaqlardan keçən Azərbaycan-Gürcüstan münasibətləri üçün yeni mərhələ başlayır. Dostluq və tərəfdaşlıqla yanaşı, həm də bölgənin gələcək taleyi üçün məsuliyyətli mövqe nümayiş etdirən iki qonşu və dost ölkənin birlik nümayişi böyük önəm daşıyır.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri