Dil qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müstəqil siyasəti, ictimai mövqeyi olan bir xalqın milli sərvətidir.
“Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərabycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən, bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”- deyən Azərbaycan xaqlının ümummmilli lideri Heydər Əliyevin Azərbaycan dilinəolan tükənməz sevgisinin, ehtiramının və diqqətinin möhtəşəm ifadəsidir.
Ulu öndər Heydər Əliyev hər zamanAzərbaycan dilini diqqət mərkəzində saxlamış, dilimizin inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində əvəzsiz xidmətlər göstərmişdir. Məhz Ulu öndər 1978-ci ildə ona qarşı ciddi təziqlərə baxmayaraq, böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil edilməsinə nail olmuşdur.
Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olunmuş və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edilmişdir.
18 iyun 2001-ci ildə Ulu öndər Heydər Əliyev “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və 2001-ci il 9 avqust tarixində “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar imzalamışdır. Bu fərmanlar olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, fərmanlara əsasən ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır.
2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunu”nun qəbul edilməsi Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində Ümummilli Liderimizin atdığı tarixi addımlardan biri idi. İmzalanmış qanuna əsasən ölkə ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların adları lövhələrdə ilk növbədə ana dilimizdə yazılmalıdır. Bu qanunun imzalanması həqiqətən də ana dilimizin yüksəlişi, tərəqqisi yolunda atılmış mühüm addım idi.
Bu gün bütün sahələrdə olduğu kimi, Prezident İlham Əliyev ulu öndərin dil siyasətini də uğurla davam etdirir. Dövlət başçısı dilimizin saflığının qorunması barədə mühüm fərmanlar imzalamaşdır. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il Fərmanı isə dilimizə qayğının bariz nümunəsidir.
“Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”-deyən prezident İlham Əliyevin bu fikirləri onun ana dilimizə nə qədər dəyər verdiyinin bariz nümunəsidir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri