PDF Oxu

Siyasət

  • 1 049

Ana dilinin qorunub inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindən biridir

image

Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Məhz buna görə də, xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun ana dilində öz əksini tapır. Dilini itirən xalq məhvə məhkumdur.

Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi bu müdrik kəlamı söyləyən, millətini zamanın sınaqlarından üzüağ çıxaran dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu. Məhz Ümummilli Liderin sayəsində ilk dəfə olaraq bir neçə dilçi alimə dövlət mükafatı verildi. Azərbaycan dilçilərinin nüfuzu qalxdı. Mükafatların verilməsi ana dilinin istifadə dairəsinin genişlənməsinə kömək edirdi. Heydər Əliyev yalnız bununla kifayətlənmir, əvvəlki illərdə müəyyən təzyiqlərə məruz qalmış alimlərə qayğı göstərirdi. Azərbaycanın rəhbərinin ana dilinə diqqət və qayğısı nəticəsində respublikada ana dilində nəşr edilən kitabların tirajı artırılırdı. Məsələn, 1979-cu ildə Azərbaycanda nəşr edilən 1300 adda 13 milyon 800 min nüsxə kitabın 11 milyon 100 min nüsxəsi ana dilində idi.
Müstəqillik dövründə də Azərbaycan dilinin inkişafına xüsusi həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin məhz Azərbaycan dili adlandırılması təklifinin qəbul edilməsinə üstünlük verdi. Ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Bundan başqa, 2001-ci il 9 avqustda Ulu Öndər “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalamış və bu Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yürütdüyü siyasət onun siyasi kursunun layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün milli dövlətçilik irsini hər bir sahə üzrə uğurla davam etdirərək Azərbaycanı öz tarixinin ən qüdrətli mərhələsinə çatdıran Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin milli dil əmanətinə də sadiqdir. Son illərdə ölkə rəhbərinin dilimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər daha da artmışdır. Yeni Azərbayca Partiyasının Sədri cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.
Azərbaycan vətəndaşı olaraq bizim də ümdə vəzifəmiz dilimizə hörmətlə, ehtiramla yanaşmaq, ona olan xalq sevgisini, inamını doğrultmaqdır. Məqsədimiz, amalımız böyüməkdə olan vətən övladlarını milli ruhda tərbiyə etmək, Vətənin qeyrətli vətəndaşı kimi yetişdirməkdir. Məhz buna görə də dərin tarixi köklərə malik olan ana dilimizin saflığını qorumaq, onu sevmək və sevdirmək hər bir Azərbaycan vətəndaşının borcudur.

Anar Məmmədov
Milli Məclisin deputatı

Digər xəbərlər