Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: «Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir».
Və bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 22 il əvvəl «Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam» məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl lider ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin «Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır» fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan LİDERDİR.
Müzəffər Komandanın “Dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər bir addımı qəhrəmanlıq dastanına çevrildi. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi məhz əsl sərkərdə olduğunu sübuta yetirən cənab İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, mükəmməl ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında şanlı qələbə ilə başa çatdı.
Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən savaşı müddətində Azərbaycan Ordusu tərəfindən 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun 3 qəsəbəsi və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində strateji yüksəkliklər azad olundu. Noyabrın 20-də Ağdam rayonunun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri Azərbaycana təhvil verildi. Noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın şəhəri və 126 yaşayış məntəqəsi Azərbaycana qaytarıldı.
Məhz qalib Sərkərdənin diplomatik məharətinin nəticəsində Ermənistan onilliklərlə möhkəmləndiyi, “keçilməz” istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi. Təbii ki, qələbənin əldə edilməsində müasir ordumuzla yanaşı, güclü iqtisadiyyatımız, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Azərbaycan Prezidentinin dediyi kimi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Həmçinin imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları böyük siyasi iradə və birlik göstərərək bu qüvvələrin ölkəni parçalamaq cəhdlərini, planlarını dəf etdi. Azərbaycan xalqı isə bir millət olaraq öz varlığını müdafiə etdi. Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xalqa son müraciətlərində xüsusi vurğulayıb: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.
Artıq 30 il dağıdılıb məhv edilən ərazilərdə Qarabağ Zəfərindən sonra Azərbaycanın başladığı quruculuq və bərpa işləri dövlətimizin apardığı siyasətin əyani təzahürüdür. Ən əsası isə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına daim öz məsələsi kimi yanaşan qardaş Türkiyə işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasında da ölkəmizlə çiyin-çiyinədir. Prezident İlham Əliyevin dediyi kimi: “Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında. Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyduq”.
Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədi və dönməzdir. Bu qardaşlıq və müttəfiqlik Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsidir. Eyni zamanda iyunun 15-də mədəniyyət ocağımız olan Şuşa şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş ölkənin birlik və həmrəyliyini bir daha sübut etdi.
Digər mühüm məqam isə, Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarında ingilis, rus, türk və doğma Azərbaycan dilimizdə müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması informasiya müharibəsində də Qalib Lider olduğunun göstəricisidir. Həmin müsahibələrdə dövlət başçımız dünyaya Azərbaycan həqiqətlərini bir daha aydın və net bəyan etməkdədir. Qarabağın Azərbaycanın əzəli torpağı olması, tarixi ədalətin hər zaman onun Azərbaycana aid olmasını dünya ictimaiyətinə çatdırır.
Bəli, bu gün qazanılan qələbələr Azərbaycan Prezidentin, Ali Baş Komandan İlham Əliynvin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir. Çünki Prezident İlham Əliyev: «Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında…» . Çünki indi artıq şərtləri Prezident İlham Əliyev diktə edir. İllərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz.
Bəli, bu gün beşinci ildönümünü qeyd etdiyimiz şanlı Zəfərimizin memarı Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkliyə çevirən cənab İlham Əliyevdir. Bu Zəfər 22 illik müstəqil, qətiyyətli, prinsipial siyasətin bariz təcəssümüdür. Məhz cənab İlham Əliyevin siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlildən keçmiş siyasi strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi. Bu şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu təsdiqlədi.
Ancaq torpaqlarımızın illərlə işğal altında olmasına baxmayaraq, Azərbaycan Prezidenti yürütdüyü siyasətlə hər zaman sülh tərəfdarı olduğunu dünyaya bəyan etdi. Dəvət olunduğu bütün beynəlxalq ali kürsülərdə, konfrans və forumlarda cənab İlham Əliyev xalqın səsini bəyan edərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını istədi. Amma ikili standartlar prinsipi heç zaman Azərbaycandan yan keçmədi. Bu cəzasızlıq mühitindən yararlanan Ermənistan Qarabağda daşı daş üstə qoymadı. Bu azmış kimi Ermənistanın indiki rəhbərliyinin tutduğu azğın yol, həyasızcasına səsləndirdiyi bəyanatlar Azərbaycanın və şəxsən cənab İlham Əliyevin səbir kasasını daşdırmaya bilməzdi. Məhz buna görə də Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, Ali Baş Komandan böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi, ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi. Və belə demək mümkünsə, Prezident Azərbaycanın qüdrəti və ərazi bütövlüyünü təmin etməsi üçün A-dan Z-yə qədər lazım olan hər şeyi etdi. Bu gün Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində müstəqil Azərbaycan daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. Bir sözlə, belə liderə malik olan xalq, dövlət xariqələr yaratmağa qadirdir. Əgər Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarıdırsa, Prezident İlham Əliyev Qarabağımızı bizlərə qaytaran və onu yenidən gülüstana döndərəcək qətiyyətli Lider kimi tarixdə əbədi qalacaq. Bəli, məhz belədir! Bu gün Azərbaycan xalqı öz Liderinə arxalanır, Ona öz tükənməz inamını izhar edir. Bu yol isə əbədi və dönməzdir! Çünki Qarabağ Azərbaycandır!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri