Böyük inkişaf yolu keçən, Zəfər qazanmış Azərbaycan bütün dünyada hörmət olunan və etimad göstərilən ölkəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran siyasəti dünya ölkələrində böyük marağa səbəb olub. Dünya ölkələri ilə qarşılıqlı etimad əsasında beynəlxalq münasibətlər, diplomatik əlaqələr də uğurla inkişaf edir. Bu gün Azərbaycan bir çox dünya ölkələri ilə yanşı, Çinlə də diplomatik əlaqələri inkişaf etdirərək daha da möhkəmləndirir. Mövcud əlaqələr sabit və sağlam əsasda inkişaf edir. Ötən müddət ərzində dövlətlərimiz arasında əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq prinsipləri əsasında uğurla inkişaf etdirilib. Bu əlaqələr xalqların mənafeyinə uyğun olaraq inkişaf edir. İkitərəfli əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər mühüm rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfəri əlaqələrin daha da genişlənməsinə töhfə verəcəkdir. Səfər çərçivəsində Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyanat məmnunluqla xatırlanıb. Sözügedən sənəddə qarşılıqlı hörmət, bərabər səviyyədə etimad, bir-birinə dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın qurulması ifadə olunub. Bu, iki ölkə arasında münasibətlərin tarixində mühüm mərhələni təşkil edən sənəddir. Əməkdaşlığı gələcəkdə də genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etmək, eləcə də regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etmək kimi məsələlər yer almışdır. Qəbul olunan Bəyanat ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirib.
DİALOQ VƏ ƏMƏKDAŞLIĞA XİDMƏT EDƏN LAYİHƏ - "BİR KƏMƏR VƏ BİR YOL"
Görüş zamanı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunulub.
Çin Xalq Respublikasının Sədri Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini məmnunluqla vurğulayaraq, bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. Görüşdə Azərbaycanın və Çinin daim bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulanıb. Dövlətimizin başçısı "Vahid Çin" siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd edib. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olunub.
Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib. Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunulub, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri diqqətə çəkilib.
Məlumdur ki, Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş "Bir kəmər və bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, eləcə də bir sıra ölkələr arasında dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Çin Xalq Respublikasının Sədri "Bir kəmər, bir yol" layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycanın olduğunu məmnunluqla xatırlayıb və bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub. Son dövrlərdə Orta Dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası diqqətiçəkəndir və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur. Si Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət edib.
ÇİN AZƏRBAYCANIN TƏKLİF ETDİYİ SÜLH GÜNDƏLİYİNİ QƏTİYYƏTLƏ DƏSTƏKLƏYİR
Azərbaycan və Çin arasında əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. İki ölkə arasında nəqliyyat, kənd təsərrüfatı, turizm, energetika, informasiya və kommunikasiya texnologiyaları istiqamətlərində əməkdaşlığın artan dinamikası diqqətdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Sədr Si Cinpin "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ı imzalayıblar. Hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirib və səmimi, dostluq mühitində danışıqlar aparıblar. Dövlətlər bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul ediblər. Bəyanatda qeyd olunur ki, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır. Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Sənəddə o da qeyd olunur ki, tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın "İpək Yolunun dirçəldilməsi" dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar.
REGİONAL VƏ QLOBAL İQTİSADİ İNTEQRASİYAYA TÖHFƏ
Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı, ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur. Bu əlaqələrin genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib. Azərbaycanın "Kəmər və yol" təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir.
Azərbaycanın "Kəmər və yol" təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib. Çin həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir. Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşruta çevrilib. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub və bu göstərici 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.
Onu da qeyd edək ki, Çin Azərbaycanın Orta Dəhliz layihəsindəki rolunu yüksək qiymətləndirir və regionda bu əməkdaşlıq yeni enerji və ticarət marşrutlarının formalaşmasına zəmin yaradır.
İKİ ÖLKƏ ARASINDAKI MÜNASİBƏTLƏRİN GƏLƏCƏK İNKİŞAF İSTİQAMƏTLƏRİ
Son illər ərzində Azərbaycan və Çin arasındakı əlaqələrdə xüsusi canlanma yaşanır. 2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksəksəviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib.
Bəyanatda ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici və rəhbər rolunu gücləndirmək, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyəti gücləndirmək yer alıb. Ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul olunub. Tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər.
Tərəflər sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və sənayenin rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə hazır olduqlarını da ifadə ediblər.
Terrorizmin, separatizmin və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğu və bu bəlanın qarşısının alınmasının və ona qarşı birgə mübarizə aparılmasının vacibliyi də Bəyanatda yer alıb. Tərəflər birgə müzakirə, birgə quruculuq və birgə istifadə prinsipinə sadiq qalaraq, çoxtərəfliliyə sadiqliyi saxlayaraq qlobal idarəetmə sisteminin təkmilləşdirilməsini təşviq etməyə hazırdırlar.
Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş", "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə", "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "Bir kəmər, bir yol" təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı" və digəər sənədlər imzalanıb.
ÇOXŞAXƏLİ ƏLAQƏLƏR
Ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar var və artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlər imzalanıb, Ticarət dövriyyəsi son dövrlərdə 20 faizdən çox artıb. Bərpaolunan enerji sahəsində əməkdaşlığa dair isə 6 sənəd imzalanıb. Bu sənədlər ümumilikdə 260 meqavat gücündə günəş elektrik stansiyaları, 100 meqavatlıq üzən günəş elektrik stansiyası, 30 meqavat gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 qiqavat gücündə külək elektrik stansiyasının inşası, daha 2 meqavat gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpaolunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. İmzalanan sənədlər sırasında İnvestisiya Müqaviləsi Qobustan rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyasının tikintisini və istismarını nəzərdə tutur. 2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək. Bu layihə üzrə Çin şirkəti ilə əməkdaşlıq hərrac vasitəsi ilə müəyyənləşdirilib.
"Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması"na dair Anlaşma Memorandumu isə Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında imzalanıb. Memorandum 2028-ci ildən sonrakı dövr üzrə bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası ilə əlaqədar ötürücü şəbəkədə müvafiq araşdırmaların aparılmasını nəzərdə tutur. Araşdırmaların nəticələrinə əsasən, texniki və iqtisadi baxımdan səmərəli həllərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması planlaşdırılır. İmzalanan bu və ya digər sənədlər dövlətlərarası bərpaolunan enerji sahəsində əməkdaşlığa öz töhfəsini verəcəkdir.
Göründüyü kimi, Çin və Azərbaycan respublikaları arasında demək olar ki, bütün sahələri əhatə edən əlaqələr mövcuddur. Belə ki, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çinlə də uğurla və qarşılıqlı etimada əsaslanan münasibətləri davam etdirir. Dövlətimizin başçısının Çinə budəfəki dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək.
Zümrüd BAYRAMOVA