YAP Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə 23 aprel 2025-ci il tarixdə Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Veteranlarımız” layihəsi çərçivəsində “Azərbaycana fəda edilmiş şərəfli ömür” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Türk dünyasının böyük oğlu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Seyfəddin Əliyev çıxış edərək ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb.
Seyfəddin Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı, fenomenal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin hərtərəfli inkişafına nail olduğunu, müstəqilliyini əbədi və dönməz etdiyini və uğurlu siyasəti sayəsində respublikamızı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıb. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyduğunu qeyd edən təşkilat sədri bildirib ki, Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.
Seyfəddin Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirildiyini, ölkə başçısının həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində müstəqil dövlətimizin iqtisadi inkişaf potensialına görə lider dövlətlər sırasında olduğunu, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmləndiyini söyləyib.
Masallı Ziyalılar cəmiyyətinin sədri, partiya veteranı Qardaş Fətullayev çıxış edərək Ulu Öndərin öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etdiyini, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
“Tərəqqi” medallı müəllim, partiya veteranı Ədalət Nemətov Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni naliyyətlərə imza atır.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, gənc fəal Humay Əliyeva və başqaları çıxışlarında vurğulayıblar ki, bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qeyd edilib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır.