Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar mini futbol üzrə Ağstafa Rayon Çempionatı təşkil olunub.
23 aprel 2025-ci il tarixində təşkil olunan mini futbol üzrə Ağstafa Rayon Çempionatına start verilib.
Açılış mərasimində YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev,Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Ağstafa rayon Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər Evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşviq Hüseynov və Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək Ulu Öndərin idmana göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Bildirilib ki, Cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradılır. Respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır.
Daha sonra komandalara uğurlar arzulanaraq çempionata start verilib.
Açılış mərasimindən sonra turnirin ilk oyunu Köçəsgər və Muğanlı komandaları arasında keçirilib.
Qeyd edək ki, turnirin yekun final oyunu 10 may 2025-ci il tarixdə Ağstafa şəhər stadionunda keçiriləcək.Yarışın sonunda qaliblərə kubok və fəxri fərmanlar təqdim olunacaq.