Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dili statusuna yüksəlməsi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dil siyasətinin nəticəsidir. Dil xalqın varlığını və kimliyini qoruyan ən əsas amildir. Azərbaycan xalqı üçün də ana dili milli kimliyini, mənəvi dəyərlərini və müstəqil düşüncəsini yaşadan başlıca vasitədir.
Ulu Öndərin rəhbərliyi ilə dilimizin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü tədbirlər, ana dilində nəşr olunan kitabların sayının artması, ictimai və siyasi həyatın bütün sahələrində Azərbaycan dilinin tətbiqi xalqımızın müstəqillik ideyasına daha sıx bağlanmasına xidmət etmişdir. Xüsusilə 1995-ci ildə qəbul olunan Konstitusiyada dövlət dilinin Azərbaycan dili adlandırılması təşəbbüsü Dahi Lider Heydər Əliyevin ana dilinə olan böyük ehtiramının bariz nümunəsidir. Konstitusiya layihəsinin hazırlanması dövründə dil məsələsi geniş və demokratik müzakirələrə səbəb olmuş, nəticədə xalqın iradəsini ifadə edən 21-ci maddə Konstitusiyada öz əksini tapmışdır.
2001-ci ildə latın qrafikalı əlifbaya keçid də Ulu Öndərin dil siyasətində mühüm mərhələ olmuşdur. Həmin ildə imzalanan “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanla 1 avqust Azərbaycan əlifbası və dili günü kimi təsis olunmuş, bununla da dilimizin beynəlxalq standartlara uyğunlaşdırılması prosesi sürətlənmişdir. Qısa müddət ərzində respublikada bütün yazılı sənədlər istisnasız olaraq latın qrafikası ilə tərtib edilməyə başlanmışdır.
Ulu Öndər Heydər Əliyev həm də ana dilimizin böyük təəssübkeşi kimi yadda qalmışdır. Onun natiqlik məharəti, fikirlərindəki ardıcıllıq və məntiq, xalq danışıq dilindən istifadə etmə bacarığı bu dilə necə dərindən bağlı olduğunu göstərirdi.
Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən imzalanan “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamlar, habelə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman dilimizin inkişafına göstərilən diqqət və qayğının sübutudur.
Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə ana dilimizin qorunmasının dövlətçilik məsələsi olduğunu vurğulamış, bu istiqamətdə ardıcıl addımlar atmışdır. Onun doğma dilimizə, milli dəyərlərimizə və mədəni irsimizə olan həssas yanaşması gələcək nəsillərə nümunədir.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri