Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. Bu Sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi qiymətləndirə bilər.
Ağdaş şəhər Müşfiq İsayev adına tam orta məktəbin direktor müavini, tarixçi Anar İbrahimli, partiya fəalları Ülkər Məmmədova, Ülya Süleymanova və Teymur Süleymanov çıxışlarında qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkədə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib. Həmçinin vurğulanıb ki, Vətən müharibəsində qazandığımız tarixi Zəfər, eləcə də uğurlu antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub.