70 ilə yaxındır ki, Kəşmirdə silahlar susmur
Dünyada onsuz da gərgin olan siyasi, diplomatik vəziyyət, bəzi regionlarda müharibələrin, münaqişələrin baş verməsi ilə daha da gərgin xarakter ala biləcəyi ehtimallarını yaradır. Xüsusilə də, son günlər Pakistanla Hindistan arasında yaranan gərginlik bəzi analitikləri bölgədə yenidən ağır silahların işə düşə biləcəyi ilə bağlı fikirlər səsləndirirlər. Səbəb isə aprelin 22-də Cammu və Kəşmirdə turistlərə və mülki şəxslərə edilən silahlı hücumlar göstərilir. Bu barədə The New York Times yazır ki, hücumun məsuliyyətini Pakistandan fəaliyyət göstərən Müqavimət Cəbhəsi öz üzərinə götürüb.
Pakistanlı analitik Syed Muhammad Ali vəziyyətin 2019-cu ildəkindən daha ciddi olduğunu bildirib və Hindistanın bu eskalasiyanı ABŞ-la danışıqlarda alət kimi istifadə edə biləcəyini deyib. Hücum nəticəsində 26 nəfər həyatını itirib, ölənlərin çoxu turist olub. Məlumata görə, 2000-ci ildən bəri Kəşmirdə radikalların ən ölümcül hücumu təşkil edilib. Hücum zamanı insanlar Himalay dağlarının ətəklərində turistlər arasında məşhur olan və təbii gözəlliyinə görə "Hindistan İsveçrəsi" kimi tanınan çox mənzərəli çəmənliklərdə dincəlirmişlər. Hücumun baş verməsindən dərhal sonra fövqəladə vəziyyət bölgəsinə əlavə polis qüvvələri və Hindistan silahlı qüvvələrinin xüsusi təyinatlıları yerləşdirilib.
Hindistan tərəfinin sərt açıqlamalarla çıxış etməsi və Pakistana qarşı hücum təşkil etməsi vəziyyətin kritik xarakter almasına gətirib çıxarıb. Aprelin 25-də baş verən toqquşmalar zamanı Pakistanın hava hücumuna qarşı müdafiə qüvvələri tərəfindən Hindistana aid hərbi hava qüvvələrinin bir təyyarəsinin vurulduğu qeyd olunur. Həm də atışmalar nəticəsində Hindistan ordusunun 4 əsgəri öldürülüb, 10-u yaralanıb. Pakistanın müdafiə naziri Həvac Asif ölkəsinin Hindistan tərəfindən hücum ehtimalına hazırlıq gördüyünü və belə bir hücuma tam gücü ilə cavab verəcəyini bəyan edib. Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanın Cammu və Kəşmir bölgəsinə hücumlarından sonra rəsmi Dehlinin bölgədə yeni gərginliyin yaradılmasına rəvac verən addımlar atmasına savab tədbirləri görmək məqsədi ilə Milli Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasdan sonra Baş Nazirlikdən yayılan açıqlamada Hindistanın Hind Su Müqaviləsini dayandırmaq qərarı rədd edilib: “Hind hövzəsində su axınının dayandırılması və ya istiqamətinin dəyişdirilməsinə yönəlmiş istənilən cəhd “müharibə aktı” kimi qiymətləndiriləcək və buna tam güclə cavab veriləcək”. Suyun mənbəyindən kəsilməsi Pakistanın sıx məskunlaşdığı əyalətlərində quraqlığa və kütləvi qıtlığa səbəb ola bilər.
Dünya birliyi Hindistan-Pakistan münasibətlərinin gərginləşməsindən narahatlıqlarını ifadə ediblər
Pakistan rəsmi dairələri Hindistanla Vagah Sərhəd Qapısının bağlanacağı barədə xəbərdarlıq edib. Bununla yanaşı, Hindistan vətəndaşlarına verilən bütün vizalar ləğv olunub. Eyni zamanda, İslamabaddakı Hindistan diplomatlarının sayı 30-a endirilib, Hindistanın müdafiə, dəniz və hava məsləhətçilərindən isə aprelin 30-dək ölkəni tərk etmələri tələb olunub. Pakistanın hava məkanı Hindistana məxsus və ya Hindistan tərəfindən idarə olunan aviaşirkətlər üçün bağlanıb. Həmçinin Hindistanla bütün ikitərəfli iqtisadi-ticarət əlaqələri dayandırılıb və üçüncü ölkələr vasitəsilə Pakistan mallarının Hindistan bazarına tədarükü əngəllənib.
Hindistan tərəfi də Pakistanın Yeni Dehlidəki səfirliyindəki bütün hərbi attaşeləri personae non-qrata elan edib və Pakistan vətəndaşlarının yarıdan çoxunun ölkədən çıxarılması barədə məlumat yayıb. Hindistanda olan pakistanlıların vizaları ləğv edilib və onlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib. Bununla yanaşı Pakistan vətəndaşlarının Hindistana daxil olması qadağan edilib. Eyni zamanda Hindistan hakimiyyəti öz vətəndaşlarını Pakistanı tez bir zamanda tərk etməyə çağırıb. Daha çox gələcək. Dehlinin təşəbbüsü ilə Hindistan-Pakistan sərhədindəki əsas Attari keçid məntəqəsi bağlanır. Ciddi hesab olunan problemlərdən biri də ondan ibarətdir ki, Hindistan və Pakistan arasında su ehtiyatlarının bölüşdürülməsinə dair saziş ləğv olunur. Söhbət 1960-cı ildə Hindistanın ovaxtkı baş naziri Cəvahirləl Nehru tərəfindən pakistanlı həmkarı general Əyyub Xan ilə bağlanmış və hətta son üç Hind-Pakistan müharibəsi zamanı da qüvvədə qalmış Hind Suları Müqaviləsi adlanan müqavilədən gedir. Təbii ki, Hindistanın bu müqavilədən çıxması bölgədə ciddi ekoloji problemlər yaratmaqla yanaşı, əhalinin və kənd təsərrüfatının su ilə təminatında ciddi problemlər yarada bilər. Çayın mənbəyi Hindistan ərazisində olduğundan, müəyyən şərtlər altında Pakistan əyalətlərində quraqlıq və aclıq yarada bilər.
Bu cür radikal addımlar Yeni Dehlinin problemi danışıqlar yolu ilə deyil güc və təzyiq vasitəsi ilə aradan qaldırmağa çalışdığını göstərir. Söz yox mətin və qəhrəman Pakistan xalq bu cür ucuz metodlarla geri çəkilə bilməz və öz haqqını, ədalətli mövqeyini sona qədər müdafiə edəcək. Bu arada BMT və dünyanın bir sıra ölkələri Hindistan-Pakistan münasibətlərinin gərginləşməsindən narahatlıqlarını ifadə ediblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfləri problemi dialoq yolu ilə aradan qaldırmağa çağırıb. Sergey Lavrov bildirib ki, tərəflər istəsələr sərhəd münaqişəsinin həlli üçün Moskva Hindistan və Pakistana danışıqlar platforması verməyə hazırdır. ABŞ, Böyük Britaniya, Çin və Avropa İttifaqı da tərəfləri atəşkəsə və dialoqa çağıran açıqlama ilə çıxış ediblər. Hadisələrin gərginləşən xətlə inkişaf etməsi, onu deməyə əsas verir ki, Hindistan və Pakistan dünya birliyinin aparıcı dövlətlərinin çağırışlarına əməl etmək fikrində deyillər. Bu isə dağıdıcı müharibənin, hətta nüvə müharibəsinin baş verə biləcəyi ehtimallarını yaradır. Nəzərə almaq lazımdır ki, Hindistan və Pakistan nüvə silahına sahib dövlətlərdir. Hər iki dövlətin rəsmi şəxsləri dəfələrlə bir-birini nüvə silahı ilə hədələyiblər. Əgər dağıdıcı müharibə bütün gücü ilə baş verərsə, o zaman södən əmələ keçid edilər və nüvə silahından tətbiq edilər. Bu isə nəinki bögənin, ümumilikdə dünyanın sonunu gətirə bilər.
Mübahisəli bölgə yeni müharibə ocağı yaradır
Hazırkı mərhələdə tərəflər arasında növbəti dağıdıcı qarşıdurmanın baş verməsinə səbəb olan Kəşmir bölgəsi 70 ilə yaxındır ki, sabitliyin və sakitliyin yaşanmadığı bölgələrdən hesab olunur. Az qala 70 ilə yaxındır ki, mübahisəli bölgədə silahlar susmur. 70 ilə yaxındır ki, orada hər iki tərəfdən yüz minlərlə əsgər, döyüşçü və dinc sakin həlak olur. 1947 və 1965-ci illərdə daha böyük və qanlı müharibələr baş verib və bu zaman hər iki tərəfdən on minlərlə insan həyatını itirib. Tərəflər arasında mübahisənin əsası isə 1947-ci il də Böyük Britaniyanın ordusunu bölgədən çıxarmasından sonra qoyulub. Cammu və Kəşmir əhalisinin 65 faizini müsəlmanlar təşkil etsə də, Böyük Britaniya tərəfindən Kəşmirə təyin olunan canişin bölgənin Hindistana birləşməsi barədə bəyanatla çıxış etmişdir. Bu da iki ölkə arasında bu ərazi uğrunda mübahisələrin əsası qoyuldu. 1950-ci illərdən bəri BMT Təşlükəsizlik Şurası Kəşmirdə referendumun keçirilməsi haqqında qərar çıxarmışdır. Referenduma əsasən bölgənin hansı dövlətin ərazinə birləşməsi barədə nəticə elan olunacaqdı. Hindistan tərəfi ilk olaraq bu qərarı dəstəkləsə də, sonradan fikrini dəyişmişdir. Səbəb də onu göstərmişdir ki, Hindistanın idarə etdiyi Cammu və Kəşmirdə keçirilən seçkilərdə bölgənin Hindistana birləşməsi dəstəkləndiyindən referendumun keçirilməsinə ehtiyac yoxdur. Lakin Pakistan bununla razılaşmayaraq bildirir ki, bölgədəki əhali Hindistan tərəfindən idarə olunmaq əvəzinə müstəqil və ya Pakistanla ittifaqda olmaq istəyir. Hindistanla Pakistan arasında münasibətlər gərginləşərkən, Çin tədricən Kəşmirin şərqində Aksay Çin kimi tanınan ərazini 1950-ci illərdə işğal etdi. 1965-ci ilin ikinci Hindistan-Pakistan müharibəsindən sonra, 1980-1990-cı illərdə, Hindistanın idarəçiliyinə etiraz silahlı müqavimətə, kütləvi etirazlara və Pakistanın dəstəklədiyi silahlılardan ibarət dəstələrin fəallaşmasına gətirib çıxardı.1999-cu ildə Hindistanla Pakistanın dəstəklədiyi qüvvələr arasında qısamüddətli, lakin şiddətli münaqişə baş verdi. Döyüşlər on minlərlə adamın ölümünə səbəb olmuşdur.
Reallıqda hindlilərin su axınına maneə törətmək üçün praktiki üsulları yoxdur
Söz yox ki, hər iki dövlətin hazırkı dövrdə müasir silahlara malik olması baş verə biləcək növbəti toqquşmanın daha təhlükəli və dağıdıcı olacağından xəbər verir. Bununla belə bəzi hərbi və siyasi ekspertlər müharibənin genişlənməsi təhlükəsinin olmadığı qənaətindədirlər. Birincisi ona görə ki, hər iki dövlət dünyanın super gücü olmaq iddiasında olan Çin Xalq Respublika ilə qonşuluda yaşayırlar. Öz imicini qorumaq üçün qonşuluğunda müharibənin baş verməsinə imkan verməyəcək. İkincisi isə hər iki ölkənin nüvə silahı var və yeni gərginliyin yaranması fəlakətli nəticələrə gətirib çıxara bilər. IMEMO RAS-ın Hind Okeanı Regionu Mərkəzinin rəhbəri Aleksey Kupriyanov bildirib ki, hər iki ölkənin rəhbərliyi genişmiqyaslı müharibə istəmir, çünki onlar başa düşürlər ki, bu, nüvə silahının istifadəsinə gətirib çıxara bilər və bu, həm Hindistan, həm də Pakistan üçün fəlakət olardı: “Həm Dehli, həm də İslamabad hazırda eyni problemi həll edirlər: simasını itirmədən öz maraqlarını müdafiə etməyə hazır olduqlarını necə göstərməli, eyni zamanda düşməni real hərbi əməliyyata təhrik etməməlidir. Hindistanın nəzarətində olan baş sularından Pakistana Hind çayının axınının qarşısını almaq təhlükəsinə xüsusi diqqət yetirilib. Lakin Yeni Dehlinin Hind Suları Müqaviləsini dayandırması siyasi jestdən başqa bir şey deyil. Reallıqda hindlilərin axını maneə törətmək üçün praktiki üsulları yoxdur - onların ərazidə tikdikləri kiçik su elektrik stansiyalarında hətta suyun axıdılması tənzimləyiciləri belə yoxdur”.
“Qarşıdurma necə bitə bilər” sualına Aleksey Kupriyanov cavab olaraq bildirib ki, Hindistan çox güman ki, Kəşmirdə Pakistan yaraqlılarının təlim düşərgəsinə pilotsuz təyyarə ilə hücum edərək “güc nümayiş etdirəcək”: “Bununla imicini qorumağa çalışacaq. Pakistan isə belə bir bəyanatla cavab verəcək ki, bu yerdə heç bir terror düşərgəsi yoxdur və heç vaxt olmayıb. Və tərəflər sakitcə təhlükəli xətdən uzaqlaşacaqlar. Növbəti hadisəyə qədər”.
Bütün hallarda müharibənin baş verməsinin əleyhinəyik. Birincisi, müharibə insan ölümləri, şəhər və kəndlərin xarabazarlıqlara çevrilməsi deməkdir. İkincisi isə, müharibənin iştirakçısı Azərbaycana dost, qardaş dövlət olan Pakistan ola bilər ki, bu da bir millət olaraq bizləri narahat etməyə bilməz. Ona görə də, bizlər Pakistan xalqının yanında olmaqla, onlara səbirli və ehtiyatlı olmağı tövsiyə edirik.
İLHAM ƏLİYEV