Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı tərəfindən müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycana fəda edilmiş şərəfli ömür” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, partiya veteranları Masallı Ziyalılar cəmiyyətinin sədri Qardaş Fətullayev, Ədalət Nemətov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, gənc fəal Humay Əliyeva və başqaları Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyduğunu qeyd ediblər.
Natiqlər təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirildiyini, ölkə başçısının həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində müstəqil dövlətimizin iqtisadi inkişaf potensialına görə lider dövlətlər sırasında olduğunu, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmləndiyini söyləyiblər.