Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzi - Eko Parkda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş tədbir keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib. Akademik Zərifə xanım Əliyevaya həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Akademik Zərifə xanım Əliyevaya həsr olunan videoçarx nümayiş etdirilib.Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatı Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Sanator-kurort reabilitasiya mərkəzinin direktoru Mürsəl Mürsəlov çıxış ediblər.Çıxış edənlər qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, eləcə də zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan danışıblar. Zərifə xanım Əliyevanın Azərbaycanda tibb elminin inkişafına əhəmiyyətli töhfələr verdiyi, oftalmologiya sahəsində elmi məktəb yaratdığı xüsusi qeyd olunub.Tədbir bədii hissə ilə davam edib.