Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri hazırda geniş müzakirə edilir. Cənab İlham Əliyevin keçirdiyi görüşlər, Çinin Sinxua agentliyinə və CGTN (China Global Television Network) telekanalına müsahibəsi iki ölkənin böyük tarixə söykənən münasibətlərinin təqdimatında öz sözünü dedi.
Azərbaycanla Çin arasında münasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da, son 32 il ərzində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib.
Azərbaycan ilə Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib.
Dövlət başçısı İlham Əliyevin Çinin Sinxua agentliyinə müsahibəsində diqqət yönəltdiyi əsas məsələlərdən biri Çinin “Şanxay ruhunun təşviqi: ŞƏT fəaliyyətdədir” devizi altında təşkilata sədrliyi oldu. Bildirdi ki, bu sədrlik onun institusionallaşdırılmasına və beynəlxalq arenada rolunun gələcəkdə də möhkəmlənməsinə kömək edəcək.
ÇXR ŞƏT-in təsisçi ölkələrindəndir və təşkilatın inkişafının aparıcı güclərindən biri olaraq qalır. Çinin sədrliyi üzrə geniş proqramı çərçivəsində səyləri ŞƏT prinsipləri əsasında çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə, həmçinin onun vəzifələrinin həyata keçirilməsinə əlavə impuls verəcək. Cənab İlham Əliyev ötən il Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in sammitində iştirak etdi. Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycanın ŞƏT ilə əməkdaşlığı terrorizmlə, ekstremizmlə və separatçılıqla mübarizə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi kimi müxtəlif sahələri əhatə edir. Həmçinin sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın dəstəklənməsi kimi məsələlər diqqət mərkəzindədir. Ölkəmiz bu sahələr üzrə beynəlxalq arenada fəal rol oynayır.
ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət verilir və bu təşkilatın təməlində dayanan prinsiplər bölüşülür. Regionda etibarlı tərəfdaş və mühüm dövlət olan Azərbaycan beynəlxalq və regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməkdə davam edir, ticarət, kommersiya və investisiya əlaqələrinin genişlənməsinə yönəlmiş, bununla da qlobal iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisadi-ticari, nəqliyyat, infrastruktur və energetika sahələrində layihələr həyata keçirir. Həmçinin ölkələrimizin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək. Cənab İlham Əliyev müsahibəsində bildirdi ki, biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış etdik. Ötən il Astanada ÇXR-in Sədri Si Cinpin ilə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdik. Tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sistemin birgə dəstəklənməsi onun beynəlxalq məsələlərdə rolu, həqiqi çoxtərəflilik mövqeyi, həmçinin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamının birgə dəstəklənməsi əzmi ifadə olundu: “Mən artıq dedim ki, Qlobal Cənubun bir hissəsi kimi, həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”.
Bu reallıq da xüsusi vurğulandı ki, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.
Azərbaycan-Çin əlaqələrinin daha da möhkəmlənməsi üçün bütün imkanlar mövcuddur. Hər iki ölkənin uğurlu siyasəti daim yeni-yeni hədəflərə yol açır. Prezident İlham Əliyevin dövlət səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” gələcək münasibətlərin təqdimatıdır.
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri