Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı, Astara Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxışında bildirib ki, Azərbaycan tibb elmində silinməz izlər qoyan, ölkə səhiyyəsinə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanı xatırlayanda göz önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan görkəmli elm fədasinin işıqlı çöhrəsi canlanır. Qeyd olunub ki, eyni zamanda Zərifə xanımın simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Dünya şöhrətli alim, akademik Zərifə xanımın əziz xatirəsi yaddaşlarda daim yaşayacaqdır.
Sonra Zərifə xanım Əliyevanın uğurlu fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova söyləyib ki, Zərifə xanım Əliyeva öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə sözün əsl mənasında vətəndaşlıq örnəyinə çevrilib. Vurğulanıb ki, Azərbaycan xanımlarının zəriflik, humanizm və qayğıkeşlik ənənəsinin parlaq təcəssümü olan Zərifə xanım nurlu siması, ana məhəbbəti və alim məsuliyyəti ilə seçilib.
Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Muxtarova bildirib ki, böyük alim və nümunəvi insan olan Zərifə xanım Əliyeva öz parlaq elmi fəaliyyəti və yüksək mənəvi keyfiyyətləri ilə dərin iz qoyub. O qeyd edib ki, Zərifə xanımın ömür yolu bu gün də zəriflik, fədakarlıq və elmə sədaqət nümunəsi kimi hörmətlə anılır.
Sonda Astara Pedoqoji Kollecinin müəllimi Nuranə Fərəcova Zərifə xanım Əliyevanın ömür yolunun hər zaman minnətdarlıqla xatırlanacağını və gələcək nəsillərə örnək olacağını söyləyib.