Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafını bir daha nümayiş etdirib. Dövlətimizin başçısı müsahibəsində iki ölkə arasında əməkdaşlığın artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bununla da əlaqələrin tarixində yeni səhifə açıldığını vurğulayıb.
Çinlə münasibətlərimiz dostluq, qarşılıqlı hörmət və strateji maraqlar üzərində qurulub. Son səfər çərçivəsində 20-dən çox sahəni əhatə edən müxtəlif sənədlərin imzalanması, xüsusilə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat” ikitərəfli münasibətlərin gələcəyinə güclü zəmin yaradır.
Müsahibədə Azərbaycanın “Vahid Çin” siyasətinə dəstəyinin dəyişməz olduğu və ölkəmizin Tayvan məsələsində Çinin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyi xüsusi vurğulanıb. Bununla yanaşı, Prezident İlham Əliyev Çinin modernləşmə və iqtisadi inkişaf modelinin Azərbaycan üçün ilham mənbəyi olduğunu, ölkəmizin də iqtisadi sabitlik və şaxələndirmə sahəsində mühüm nailiyyətlər qazandığını qeyd edib.
Bərpaolunan enerji sahəsində əməkdaşlıq isə münasibətlərdə yeni mərhələ açır. Azərbaycanın 2030-cu ilə qədər 6500 meqavat yaşıl enerji istehsalı planı çərçivəsində Çin şirkətləri ilə birgə layihələr həyata keçirilir. Bu təşəbbüs həm ekoloji sabitliyə, həm də iqtisadi dayanıqlığa xidmət edir.
Səfər çərçivəsində imzalanan digər mühüm sənədlər arasında vizasız gediş-gəliş haqqında Saziş də yer alır. Artıq Azərbaycan və Çin vətəndaşları qarşılıqlı şəkildə vizasız səfər edə biləcək, bu da turizm, mədəniyyət və təhsil sahələrində əlaqələrin daha da genişlənməsinə imkan verəcək. Prezident İlham Əliyev vurğulayıb ki, Çinlə təhsil sahəsində də əməkdaşlıq genişlənəcək, daha çox azərbaycanlı tələbənin bu dost ölkədə təhsil alması təşviq olunacaq və gələcəkdə Çin-Azərbaycan Universitetinin yaradılması imkanları nəzərdən keçirilir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Çin münasibətləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji müttəfiqlik səviyyəsinə çatıb. Azərbaycanın tranzit potensialının artırılması, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində infrastruktur layihələrinin inkişafı, ticarət dövriyyəsinin genişləndirilməsi iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindəndir.
Sonda Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan çoxtərəfli və beynəlxalq münasibətlərin tərəfdarı kimi Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Bu strateji xətt Azərbaycan-Çin münasibətlərinin qarşıdakı illərdə daha da genişlənəcəyinə zəmanət verir.
Azərbaycan və Çin arasında qurulan dostluq və strateji tərəfdaşlıq modeli regionda və dünyada əməkdaşlıq nümunəsi olaraq diqqət çəkir.
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Səfər zamanı əldə edilmiş razılaşmalar İran-Azərbaycan dostluğunu, qardaşlığını bir daha təsdiqləyir
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər