Dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əməkdaşlıq prinsiplərini rəhbər tutan Azərbaycan Çin Xalq Respublikası ilə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. İki respublika arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur.
Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Çin dünya ictimaiyyəti ilə birlikdə problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə edib.
Azərbaycanla Çin münasibətlərinin inkişafı Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra daha da güclənib. 1994-cü ilin 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olub. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanıb. Çin Xalq Respublikasının Sədri Heydər Əliyevlə danışıqlarda bildirib ki, Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də digər ölkələrlə bərabər Çinlə də əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə verdiyi müsahibədə qeyd edib ki, 2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə xüsusi olaraq qeyd edilib ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlıq bir çox səmərəli nəticə verib. Bununla yanaşı İlham Əliyev Azərbaycanla Çin arasında əməkdaşlığı gələcəkdə də genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etmək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etmək barədə razılığa gəlindiyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 22-23-də Çin Xalq Respublikasına dövlət səfəri iki dövlət arasında münasibətlərin daha inkişafı və möhkəmlənməsində növbəti addım olacaqdır. Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub. Gürüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunuldu. Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulandı. Dövlətimizin başçısı “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd etdi. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olundu.
Çin Xalq Respublikası bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından birinə çevrilib. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib.
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.
Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır.
Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprel ayının 21-də Çinin Şinxua agentliyinə verdiyi müsahibədə yuxarıda sadalanan nəqliyyat və iqtisadi göstəricilər barədə ətraflı şəkildə açıqlama verilmişdir.
Nazim BÜNYATOV,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini