30 apreldə törədilən terror aktından 16 il ötür
İnsanların həlak olması, onların sağlamlığına zərərin və əmlaka əhəmiyyətli ziyanın vurulması əlbəttə ki, terror olaraq hər zaman cəmiyyət tərəfindən nifrətlə qarşılanıb. İctimai təhlükələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər insanlarin ömürlərini yarımcıq qoymuşdur. Terrorun ən çox rast gəlinən formaları terrorla hədələmə, sui-qəsd, girov götürmə, eləcə də partlayıcı qurğulardan, kimyəvi, bioloji, nüvə və radioloji silahlardan istifadədir. Müasir dünya inkişaf etsə də, yenə də terror hadisələrinə rast gəlirik. Bu gün baş verən hadisələrə, cəmiyyətə yanaşma da fərqlidir. Bəşər sivilizasiyasının yüksək nöqtəsində ağıl və idrakın sivil bir nöqtəyə yüksəldiyi zamanda insana sui-qəsdin edilməsi, düşünülmüş terrorun törədilməsi əlbəttə ki, heç bir məntiqə sığa bilməz. Dünya inkişaf etsə də bu gün ağıla sığmayan terrorların, faciələrin baş verdiyinin şahidi oluruq. Nə qədər müasirləşsək belə insan qanının tökülməsinə susayan, bunu törətməkdən usanmayanlarla hələ də bir zamanda yaşayırıq. İnsanlıq əleyhinə çevrilmiş terrorların günahsız qurbanları olanların faciəli ölümlər hər kəsdə bir nifrət, qəzəb hissini oyadır. Qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması insanlığa qarşı əməldir.
Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) 30 aprel, 2009-cu il tarixində baş vermiş faciənin törədildiyi gündən 16 il ötür. Həmin günü o zamanı yaşayan insanlar olduğu kimi yaxşı xatırlayır. Səhər saatlarında 9:30 radələrində keçmiş Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsində qaz-neft mədən və neft mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusuna daxil olan cinayətkarın birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gülləyə tuş gələnlər arasında təhsil ocağının professorları, müəllimləri, laborantları və tələbələri olublar. Yaralıların 3-ü xarici vətəndaşı idi: ikisi Sudan, biri isə Suriya. Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb. Cinayəti törətmiş 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlunun üstündən ona məxsus şəxsiyyət vəsiqəsi, "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkarlanaraq götürülüb. Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıblar.
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrıldı.
16 il əvvəl baş vermiş dəhşətli terror hadisəsi hər kəsin qəlbində dərin iz buraxıb. Belə terror aktları neçə-neçə insan ömrünü yarımçıq qoyur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində faciə qurbanlarının xatirəsinə barelyef qoyulub. Hər il 30 aprel terror qurbanlarının xatirəsi yad edilir.
Nəzakət ƏLƏDDİNQIZI