PDF Oxu

Siyasət

  • 1 046

Enerji, etimad və geosiyasət: Azərbaycanın güc portreti - ŞƏRH

image

Aprelin 25-də Prezident İlham Əliyevin Çin-in nüfuzlu CGTN telekanalına verdiyi müsahibə, yalnız diplomatik ritorika ilə deyil, eyni zamanda qlobal güc balansına yönəlmiş strateji baxışları ilə beynəlxalq siyasi səhnəyə möhtəşəm bir bəyanat kimi həkk olundu. Cənab İlham Əliyev Azərbaycan və Çin arasında 30 illik etibarlı siyasi əlaqələrin olduğunu və bu münasibətlərin hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət üzərində qurulduğunu vurğuladı. O, Çin lideri Si Cinpinqin onu "Çinin böyük dostu" adlandırmasının böyük bir şərəf olduğunu qeyd etdi.

Azərbaycan Respublikasının "Bir Kəmər, Bir Yol" təşəbbüsündə fəal iştirakını qeyd edən Prezident, ölkəsinin infrastruktur layihələrinə, xüsusilə Xəzər dənizindəki ən böyük ticarət limanına və dəmir yolu infrastrukturuna sərmayə qoyduğunu bildirdi. Bu təşəbbüsün, Azərbaycan Respublikasını beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevirdiyini ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycan hökumətinin yaşıl enerji sahəsindəki ambisiyalarını açıqlayaraq, 2027-ci ilə qədər 2 qiqavat, 2030-cu ilə qədər isə 6 qiqavat gücündə günəş və külək enerjisi istehsal etməyi hədəflədiklərini bildirdi. Bu layihələrdə Çin istehsalı olan günəş panelləri və batareyaların istifadə edildiyini qeyd edərək, Çin istehsalçılarının keyfiyyət və qiymət baxımından dünya bazarında lider olduğunu vurğuladı.

Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Özbəkistanla birlikdə Xəzər dənizinin altından enerji kabeli çəkilməsi layihəsini həyata keçirməkdədir. Bu layihə, yaşıl enerji sahəsində regional əməkdaşlığı və potensial olaraq Çinə enerji ixracını təmin edəcəkdir.

Ölkə başçımız Azərbaycanının Dünya Ticarət Təşkilatına üzvlük prosesinin əhəmiyyətini qeyd edərək, qlobal ticarət sistemindəki proteksionizm və ticarət maneələrinin artmasının bu prosesə mane olduğunu bildirdi. O, bu çətinliklərin qlobal ticarət sisteminin əsas prinsipləri ilə ziddiyyət təşkil etdiyini vurğuladı.

Prezident İlham Əliyev liderliyin böyük bir məsuliyyət olduğunu və liderin xalqına həmişə dürüst olmasının vacibliyini qeyd etdi. O, liderlərin verdikləri vədləri yerinə yetirməməsinin siyasi böhranlara səbəb ola biləcəyini bildirdi .

Azərbaycan Respublikasının "Bir Çin" siyasətinə dəstəyini bir daha təsdiqləyən Prezident Əliyev, beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə hörmətin vacibliyini vurğuladı. O, bu prinsipin beynəlxalq hüququn əsasını təşkil etdiyini və selektiv tətbiqinin beynəlxalq etimada zərər verəcəyini bildirdi.

Ölkə başçımız Cənab İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə, Azərbaycan dövlətinin beynəlxalq əlaqələrindəki strateji istiqamətləri və Çin ilə olan əməkdaşlığının dərinliyini nümayiş etdirir. Yaşıl enerji, infrastruktur inkişafı və beynəlxalq ticarət sahələrindəki təşəbbüslər, Azərbaycanın qlobal arenada daha fəal və təsirli bir oyunçu olma yolunda irəlilədiyini göstərir.

Beləliklə, Prezident İlham Əliyevin CGTN-ə verdiyi bu strateji mesajlar təkcə Azərbaycan–Çin münasibətlərinin parlaq gələcəyinə işarə etmir, eyni zamanda Azərbaycanın Qərblə Şərq arasında körpü rolunu oynayaraq XXI əsrin yeni geosiyasi memarlarından birinə çevrildiyini bütün dünyaya bəyan edir.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər