Prezident İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına müsahibəsində beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən aktual məsələlərə toxunub. Dövlət başçısı qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Çin münasibətlərinin, eləcə də regional və qlobal miqyasda təhlükəsizlik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Azərbaycan və Çin arasında münasibətlər siyasi etimad və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Prezidenti müsahibəsində iki ölkənin hərtərəfli strateji tərəfdaşlığının əsas dayaqlarını aydın şəkildə ifadə edib. Qarşılıqlı dəstək, milli mənafelərin qorunması və beynəlxalq hüquqa hörmət prinsipləri ikitərəfli münasibətlərin əsasını təşkil edir. Azərbaycan “Vahid Çin” siyasətini prinsipial şəkildə dəstəkləyir. Çin də ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyən dövlətlər sırasındadır. Bu, müxtəlif sahələrdə dayanıqlı əməkdaşlıq modelinin formalaşmasına şərait yaratmışdır.
İkitərəfli əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirak məsələsinə toxunub, ölkəmizin Avrasiya məkanında əsas tranzit və logistika mərkəzlərindən biri kimi mövqeyinin möhkəmlənməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bu təşəbbüs çərçivəsində Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi həm regional inteqrasiyaya, həm də Çinlə ticari-iqtisadi əlaqələrin intensivləşməsinə əlverişli şərait yaradıb. Ticarət dövriyyəsinin artımı, birgə sənaye zonalarının yaradılması, kənd təsərrüfatı, yüksək texnologiyalar və yaşıl enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi ikitərəfli münasibətlərin əsas istiqamətlərini təşkil edir. Təhsil və mədəniyyət sahəsində əməkdaşlıq isə iki ölkə arasında uzunmüddətli qarşılıqlı səmərəli fəaliyyətə xidmət edir.
Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursu regional və qlobal miqyasda sabitliyin, qarşılıqlı hörmətin və sülhün təşviqinə yönəlib. Ölkəmiz beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan siyasətinə sadiqdir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı kimi iştirakı Çinlə çoxtərəfli platformalarda əməkdaşlıq üçün yeni imkanlar açır. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT və Qoşulmama Hərəkatı kimi platformalarda bir-birinin təşəbbüslərini dəstəkləyir və ortaq maraqlara əsaslanan mövqe nümayiş etdirirlər. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və COP29-a ev sahibliyi etməsi ölkəmizin artan qlobal nüfuzunu və multilateral diplomatiyada fəal rolunu bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev Azərbaycan və Çinin beynəlxalq münasibətlərdə ədalətli və inklüziv yanaşmaya sadiqliyini vurğulayıb. Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin olunmasında fəal rol oynamaqla yanaşı, Qlobal Cənubun mühüm iştirakçılarından biri kimi ədalətli beynəlxalq nizamın formalaşmasına töhfə verir. Çin isə qlobal iqtisadi güc olaraq inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edir və beynəlxalq münasibətlərdə bərabərlik və qarşılıqlı hörmət prinsiplərinin möhkəmləndirilməsinə çalışır. Bu baxışları bölüşən dövlətlər qlobal səviyyədə yeni əməkdaşlıq modelləri formalaşdırmaq üçün birgə təşəbbüslər irəli sürürlər. Dövlətimizin başçısı qeyd edib ki, biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır.
Beləliklə, Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan-Çin strateji tərəfdaşlığının möhkəm təməllər üzərində qurulduğunu və davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. Dövlətlərarası əməkdaşlıq modeli müasir beynəlxalq şəraitdə dayanıqlı, etibarlı və perspektivli tərəfdaşlığın nümunəsi kimi çıxış edir.
Bədəl Bədəlov
Milli Məclisin deputatı